Siyasət

02 Noyabr

Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində regionun energetika infrastrukturu dağıdılıb

İşğalçı Ermənistanın çoxsaylı uydurmalarından biri də ondan ibarətdir ki, Sovet dövründə Azərbaycan ayrıseçkilik siyasəti apararaq, Dağlıq Qarabağın inkişafına diqqət yetirməmişdir. Əslində isə Azərbaycan Dağlıq Qarabağın inkişafına xüsusi diqqət yetirmiş, burada fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm yer tutmuşdur. Dağlıq Qarabağ sənaye sahələrinin tərkibi və inkişaf səviyyəsinə, kənd təsərrüfatı məhsullarının  istehsalına görə keçmiş Azərbaycan SSR-nin ən qabaqcıl iqtisadi rayonlarından biri olmuş, regionda o zamanın tələblərinə uyğun olan geniş enerji infrastrukturu yaradılmışdır.

Lakin Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə bu infrastruktur da əsasən dağıdılmış və ya talan olunmuşdur.

Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 MVA olan 20 yarımstansiya mövcud olmuşdur.

Həmin ərazilərdə uzunluğu 81 km olan 330 kV-luq, 690 km olan 110 kV-luq və 615 km olan 35 kV-luq 3 yüksək gərginlikli elektrik veriliş xətti, eləcə də uzunluğu 6197 km olan 10 kV-luq və 8865 km olan 0,4 kV-luq elektrik veriliş xətləri və ümumi gücü 245.7 MVA olan 2435 ədəd transformator olmuşdur.

Eyni zamanda, 2000 kilometrlik qaz xətləri və 34 qazpaylayıcı qurğu istismar edilmişdir.

İşğal altında olan torpaqlarımız tam azad edildikdən sonra dağıdılmış və talan edilmiş infrastruktur daha dəqiq qiymətləndiriləcəkdir.