Siyasət

14 Oktyabr

Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü üzrə ilk iclas

Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü (CEPI) İcra Komitəsinin sədri, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərliyi ilə təşəbbüsə üzv olan şirkətlərin ilk iclası keçirilmişdir.

Fins.az xəbər verir ki,iclasda 2021-ci il üçün İş Planı müzakirə olunaraq təsdiqlənmiş və layihə koordinatoru seçilib.

Eyni zamanda  CEPI-nin strategiyasına uyğun olaraq, SOCAR-ın Xəzər regionunda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə yeni layihə ideyası nəzərdən keçirilmiş və İş Planına daxil edilmişdir. Bunun üçün iştirakçı şirkətlərin öz aralarında qabaqcıl təcrübələrinin paylaşılması, alternativ enerji texnologiyası ilə bağlı müşavirə və fikir mübadiləsinin təşkili və bu minvalla alternativ enerji istehsalının effektivliyinin artırılması nəzərdə tutulur.

2021-ci ildə istixana qazlarının emissiyasının sıfır həddinə qədər endirilməsinin təbliğ olunması və geniş ictimaiyyətə ətraf mühitin qorunması istiqamətində davamlı olaraq məlumatların çatdırılması üçün tədbir və təlimlərin təşkilinə dair razılıq əldə olunub.

Xatırladaq ki, daha əvvəl SOCAR, KazMunayQaz, BP, “Equinor” Abşeron AS, “Total EP Absheron B.V.” şirkətlərinin təsisçiliyi ilə “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (Caspian Envıronmental Protectıon Initiatıve - CEPI) adlı səmərəli və müstəqil fəaliyyət göstərən regional Təşəbbüs Qrupu yaradılmışdı. Cari ilin 14 sentyabr tarixində Ekopark: Ekoloji Tədqiqatlar Mərkəzi”ndə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, KazMunayQaz şirkətinin idarə heyətinin sədri Alik Aidarbayev, BP şirkətinin AGT Regionu üzrə prezidenti Qəri Cons, “Equinor” Abşeron AS şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Qureyşi, “Total EP Absheron B.V.” şirkətinin idarəedici direktoru Regis Agut tərəfindən CEPI üzrə Anlaşma Memorandumunun imzalanması tədbiri keçirilmişdir. CEPI Təşəbbüs Qrupunun məqsədi Xəzər regionunun ekoloji dayanıqlığına təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, istixana qazlarının emissiyasını və ətraf mühitə atılan zərərli maddələrin qarşısını almaq üçün birgə proaktiv addımların atılmasından ibarətdir.