Siyasət

08 Oktyabr

Ukrayna şirkəti 15 min ton Azərbaycan neftini hərraca çıxardı

Ukraynanın “Ukrtransnafta” şirkəti “Pivdenniy” dəniz neft terminalından 15 min ton nefti hərraca çıxarıb.

Fins.az xəbər verir ki, hərrac bu gün, oktyabrın 8-də Ukrayna Enerji Birjasında keçiriləcək.

Şirkət məhsulu “Azeri Lt FOB Supsa” kotirovkası ilə fəxtin (yükün dəniz yolu ilə daşınmasının qiyməti) dəyərini bir ton üçün 3 ABŞ dolları və nəqletmə tarifini hər ton üçün 1 ABŞ dolları təklif edib. Təklif iki lota – 10 min və 5 min ton məhsula bölünüb.

Məhsulun çatdırılma müddəti 20-30 oktyabr üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Ukrtransnafta” iyulun 9-da “Ukrayna Enerji Birjası” üçün 30 min ton “Azeri Light” markalı neftin satışını təklif edib. Şirkətdən o zaman bildiriblər ki, satışa aşağı qiymətlər dövründə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) alınan neftin bir hissəsi satışa təqdim edilib. Alışın qiyməti rəsmi olaraq bildirilməyib, ancaq “Enkorr” saytının məlumatına görə, neftin bir bareli üçün qiyməti 29,3 ABŞ dolları təşkil edib.

Bu arada hərraclar nəticəsiz yekunlaşıb.

© Report