Siyasət

05 Oktyabr

Qocaman neftçilərdən Prezidentə müraciət

SOCAR-da çalışmış Azərbaycan Prezidentinin fərdi təqaüdçüləri Prezident İlham Əliyevə məktub göndərib.

Fins.az xəbər verir ki, məktub təqaüddə olan şirkətin keçmiş vitse-prezidenti Rəhman Qurbanov və başqalarının adından ünvanlanıb.

Məktubda deyilir:

“Hörmətli Prezident, möhtərəm Ali Baş Komandan.

Bütün xalqımız kimi biz - Azərbaycan neftçilərinin yaşlı nəslinin nümayəndələri də artıq neçə gündür ki, Zati-alinizin qətiyyətli rəhbərliyi ilə Milli Ordumuzun müzəffər yürüşünü böyük qürur hissi ilə izləyirik. Ürəklərimiz döyüş meydanlarında rəşadət göstərən şanlı Azərbaycan əsgərləri ilə bir vurur. Qazanılan uğurlar gücümüzə güc qatır, bizi qələbə əzmi ilə yaşamağa, işləməyə, yaratmağa ruhlandırır. Ömrümüzün bu ixtiyar çağında bizə yaşatdığınız Qələbə sevincinə, Qələbə qüruruna görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.

İnanırıq ki, Sizin əzmkar komandanlığınız, Azərbaycan Ordusunun dönməz iradəsi, igidliyi və şücaəti sayəsində yaxın vaxtlarda ən böyük arzumuza çatacaq, müqəddəs torpaqlarımızda şanlı Azərbaycan Bayrağının dalğalanmasına şahid olacağıq. Bütün Azərbaycan xalqı kimi biz də böyük Qələbəmizin yaxın olduğuna əminik və səbirsizliklə o günü gözləyirik.

Zati-alinizin ətrafında kiçikdən-böyüyə bütün Azərbaycan xalqının bir yumruq kimi birləşərək, yağı düşmənə qarşı amansız mübarizəyə qoşulması tariximizin parlaq nailiyyətidir. Bu birlik, bu bütövlük Sizin müdrik siyasətinizin, xalqımızın arzu və istəklərini yorulmaq bilmədən həyata keçirməyinizin məntiqi nəticəsidir. Bu birliyin qarşısında dayana biləcək heç bir qüvvə yoxdur. Məkrli düşmənin və onun çoxsaylı havadarlarının təxribatları xalqımızın döyüş və Qələbə əzmini sarsıda bilməyəcək, işğal olunmuş torpaqlarımızın hər qarışının azad edilməsi uğrunda ədalətli mübarizəmiz sona qədər davam edəcəkdir. Qüdrətli sərkərdəsi, qorxmaz Ordusu, güclü iqtisadiyyatı, rəhbərinə sarsılmaz inamı olan xalq yenilməzdir.

Cənab Ali Baş Komandan, bilməyinizi istərdik ki, biz qocaman neftçilər də Sizin haqq işinizə sona qədər sadiqik və bütün əmrlərinizə müntəzirik. Bu ahıl yaşımızda Sizin əsgəriniz olmağımızdan şərəf duyarıq. Düşünürük ki, torpaqlarımızın nicatı bu qədər yaxında ikən hamılıqla Milli Ordumuzun hərbi əməliyyatlarına dəstək verməliyik və hər bir vətəndaşımız qələbə üçün əlindən gələni etməlidir.

Qoy qadir Allah bu müqəddəs savaşda Sizə yar olsun. Haqq yolunda şücaətlə döyüşən Azərbaycan əsgərlərinə güc və qüvvət versin. Tanrı Sizi qorusun!”.