Siyasət

24 Sentyabr

SOCAR bu həftənin sonuna qədər Belarusa növbəti partiya “Azeri Light” markalı neft ixrac etməyi planlaşdırır

SOCAR sentyabr ayının sonuna qədər Belarusa növbəti partiya “Azeri Light” markalı neft ixrac etməyi planlaşdırır.

"Bu günlərdə, ola bilsin ki, sabah ya da birigün 95 min tona yaxın Azərbaycan nefti (“Azeri Light”) ilə yüklənmiş bir tankerin Ceyhan limanından Belarusa göndərilməsi planlaşdırılır", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O dəqiqləşdirib ki, tankerin bu ayın sonuna qədər Ceyhandan yola salınması gözlənilir.

""Belneftexim" şirkəti ilə oktyabr ayı üçün müvafiq razılaşma hələ ki yoxdur", - deyə Əhmədov əlavə edib.

Xəbər verildiyi kimi, “SOCAR Trading” mart-aprel aylarında Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Belarusun “Belneftexim” konserni üçün Mozır neft emalı zavoduna ümumi həcmi 335 min tona yaxın 4 partiya neft (mart ayında təxminən 250 min ton həcmində 3 partiya, aprel ayında 85 min ton həcmində 1 partiya) göndərilib.

İyunda SOCAR Supsa limanından Mozır neft emalı zavoduna 85 min ton neft, iyulda təxminən 650 min barel həcmində bir partiya, avqustda 93-94 min ton həcmində bir partiya yola salıb.

“Belneftexim”in məlumatına görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.

Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.