Siyasət

21 Sentyabr

Baş direktor: “İran-Azərbaycan birgə sənaye şəhərciyinin inşası gündəlikdədir”

"İran-Azərbaycan birgə sənaye şəhərciyinin inşası gündəlikdədir".

Məlumata görə, bunu Ərdəbil Sənaye Şəhərcikləri Şirkətinin baş direktoru Məhəmməd Əhli “Gənc Jurnalistlər Klubu”na açıqlamasında deyib.

O bildirib ki, İran-Azərbaycan birgə sənaye şəhərciyinin tikilməsi iki ölkə rəsmilərinin gündəliyindədir: “Şəhərciyin inşası investorların cəlb edilməsində və bölgə sənayesinin inkişafında müsbət tendensiyaya səbəb olacaq”.

M. Əhli qeyd edib ki, İran-Azərbaycan birgə sənaye şəhərciyi iki ölkə sərhədinin sıfır nöqtəsində və Parsabad rayonunun Təzəkənd qəsəbəsində yaradılacaq.

Ölkənin yoxsul bölgələrində sərhədyanı sənaye şəhərciyinin yaradılmasını həmin regionların inkişaf etməsi və iş yerlərinin açılmasına töhfə verəcəyinə toxunan M. Əhli vurğulayıb ki, birgə sənaye şəhərciyinin yaradılması ilə, Ərdəbil əyalətində yerli və xarici investorların fəaliyyəti üçün daha geniş zəmin hazırlanacaq.

O, sərhədyanı müştərək sənaye şəhərciyinin yaradılmasını Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından yeni bir fəslin açılışı kimi qiymətləndirib: “Ərdəbil əyalətinin sərhəd mövqeyindən istifadə edilməsi istehsalın və qonşu ölkələrə ixracın artmasında əhəmiyyətli rol oynaya bilər”.

(c)APA