SOCAR şirkəti 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlayıb. Bunu şirkətin prezidenti Rövnəq Abdullayev şənbə günü rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
“Şirkətin 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni inkişaf strategiyası “McKinsey” şirkəti ilə birlikdəhazırlanıb. Sənəd hökumətə təqdim olunacaq. Strategiyanın əsas prinsipləri sırasında şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarəetmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin artırılması, ölkənin yanacaq-enerji tələbatı ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirliliyinin təmin olunması ilə yanaşı, borclanmanın idarə olunması da mühüm yer tutur”, - Abdullayev qeyd edir.
Onun sözlərinə görə, SOCAR-ın“2035-ci ilə kimi Korporativ Strategiya”sı istehsal tsiklinin rəqəmsallaşması, innovasiya və vençur layihələrinə ayrılan investisiya həcmlərinin artırılması, kadr potensialının ixtisasdəyişmə və ixtisasartırma proqramları vasitəsilə optimallaşdırılmasını nəzərdə tutur.
“Yeni strategiya əsasında investisiya portfelimizi təkrar nəzərdən keçirərək biznesimizin dayanıqlılığını təmin etmək, habelə şirkətin əməliyyat modelinin səmərəliliyini artırmaq əzmindəyik. Respublikanın neftə, qaza, emal və kimya məhsullarına olan daxili tələbatını tam təmin etməklə, regional və qlobal enerji təhlükəsizliyində Azərbaycanın payını durmadan artırmaq həmişə olduğu kimi, başlıca strateji hədəflərimizdən biridir”, - Abdullayev qeyd edib.
SOCAR-ın prezidenti xatırladıb ki, bu gün bütün dünyada üstünlük bərpaolunan enerjiyə verilir və bu istiqamətdə gedən transformasiya prosesləri dəstəklənir.
“Bu kursun perspektivi nəzərə alınaraq, gələcək illərdə aşağı karbon emissiyalı biznesin, sirkulyar iqtisadiyyatın və ekoloji cəhətdən daha təmiz əməliyyatların stimullaşdırılmasını qarşıya vacib məqsədlər kimi qoymuşuq”, - Abdullayev bildirib