Siyasət

16 Sentyabr

Ekspert: “Azərbaycanda əhaliyə satılan qazın yüksək xərci kompensasiya edilir”

Son günlər Azərbaycanda təbii qazın maya dəyərinin 61,89 manat, əhaliyə paylanma üzrə xərclərinin isə 140,48 manat olması mediada müzakirə predmetinə çevrilib. Belə ki, paylanma üçün xərclərin maya dəyərindən çox olması həmin xərclərin nədən ibarət olması ilə bağlı suallar yaradıb. Həmçinin əhali tərəfindən istehlak olunan qazın bir hissəsinin xarici şirkətlərdən alınmasının xərclərin artmasına təsir edib-etməməsi də maraq doğrur.

Məsələ ilə bağlı açıqlama verən enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə bildirib ki, Azərbaycan daxili bazarında təbii qaz SOCAR tərəfindən təmin olunur və şirkət hasil etdiyi təbii qazın demək olar ki, hamısını daxili bazara yönəldir: “Ötən il SOCAR tərəfindən 6,8 mlrd. kubmetr təbii qaz hasil olunub. Bunun müqabilində isə Azərbaycanın təbii qaz istehlakı son 10 ildə 37% artaraq 2019-cu ildə 11,8 milyard kubmetrə yüksəlib. Buna səbəb sözügedən dövrdə Azərbaycanda sənayenin və əhali üzrə qazlaşdırma səviyyəsinin sürətli inkişafıdır. Belə ki,  “SOCAR Methanol” və  “SOCAR Karbamid”kimi zavodlarda təbii qaz xammal kimi istifadə olunur və ölkəmizə əlavə dəyər qazandırır. Məsələn, karbamid zavodunda il ərzində 435 mlrd. kubmetr təbii qaz xammal kimi istifadə olunur. Beləliklə, təbii qaz emal olunub karbamid istehsal olunduqda onun dəyəri ən az iki dəfə artır. Metanol zavodunun istehsal həcmi isə cari ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% artıb. Bu da xammal olaraq təbii qaz sərfiyyatını artırıb. Əhali qrupu üzrə də son 10 ildə abonentlərin sayı 3 dəfədən çox artıb və hazırda ölkədə 96%-dən çox qazlaşdırma səviyyəsi mövcuddur. Bu da daxili bazarda təbii qaz istehlakımızı artırır”.

ƏTRAFLI

Red Bull

Ekspertin sözlərinə görə, daxili tələbatın qarşılanması məqsədilə SOCAR-ın hasil etdiyi təbii qazdan əlavə olaraq,  “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan səmt qazı,  habelə “Şahdəniz” konsorsiumundan təbii qaz alınır: “2018-ci ilə qədər isə müəyyən dövrlərdə xarici ölkələrdən təbii qaz alınaraq yeraltı qaz anbarlarına vurulurdu. Qeyd edim ki, Azərbaycanda yeraltı qaz anbarlarının həcmi genişdir və təqribən daxili tələbatın 35%-nə bərabərdir. Bu, bizə təbii qazın ucuz olduğu yay aylarında qazı alaraq anbarlarda saxlamağa və qiymətin yüksək olduğu qış aylarında həm daxili bazarda istifadə etməyə, həm də bir miqdarını ixrac edərək ölkəyə əlavə dəyər qazandırmağa imkan verir. “Şahdəniz 2” layihəsinin istismara verilməsilə bərabər 2019-cu ildən təbii qaz hasilatında ciddi artım baş verdi. Hətta qeyd edim ki, kommersiya qaz hasilatının artım tempinə görə, Azərbaycan ötən il 27,7% artımla dünyada lider oldu. Həmçinin “Ümid” yatağında təbii qaz hasilatı ildən-ilə artır və bu tendensiyanın növbəti illərdə də davam edəcəyi proqnozlaşdırılır. Bu səbəbdən, artıq xarici ölkələrdən təbii qazın alınmasına ehtiyac yoxdur, çünki daxili bazarda kifayət qədər qaz mövcuddur”.

E. Axundzadə qazın maya dəyəri ilə paylanma xərci arasındakı böyük fərqə də aydınlıq gətirib. O bildirib ki, qazın çıxarılma maya dəyəri 61,89 manatdır və bu, quyunun ağzına qədər qazın çıxarılmasının maya dəyəridir: “Lakin qaz çıxarıldıqdan sonra onun təmizlənməsi, qurudulması, ilkin emal prosesləri, saxlanılması, daha sonra nəqli, əhaliyə çatdırılmadan əvvəl qazın tərkibinə vurulan adarant maddəsinin dəyəri, boruların korroziyadan mühafizə xərcləri, buzlanmanın qarşısını almaq üçün metanol qazının vurulması, bu proseslərdə iştirak edən işçilərin əməkhaqqı ödənişləri əlavə xərclər tələb edir. Bütün bunlar nəzərə alındığı zaman əslində 2019-cu ildə SOCAR üzrə satılan 1 000 kubmetr qazın faktiki xərci 140,46 manat təşkil edib”.

“Əhaliyə satılan qazın dəyəri ilə (1000 kubmetr – 100 manat) onun faktiki xərci (140,46 manat) arasındakı fərq isə dövlət tərəfindən subsidiya yolu ilə kompensasiya edilir. Bunun da əsas məqsədi əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır”, - deyə o bildirib.