Siyasət

15 Sentyabr

Bu həftə "OPEC+" Nazirlərinin Monitorinq Komitəsinin iclası keçiriləcək

Sentyabrın 17-də "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Nazirlərinin Monitorinq Komitəsinin iclası (JMMC) keçiriləcək.
Bu barədə xarici mətbuat məlumat verir

Situasiya ilə yaxından tanış olan mənbələr "Reuters"ə bildirib ki, "OPEC+" ucuzlaşan neft qiymətlərinə baxmayaraq, neft hasilatının bir qədər də azaldılmasını elan etmək niyyətində deyil. İraq və digər ölkələrin hədəflərə çatmasına şərait yaratmaq məqsədilə kompensasiya müddətini oktyabr və noyabr aylarınadək uzadılacağı gözlənilir.

 

Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Xatırladaq ki, avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 669,1 min barel olub. Bu, Azərbaycanın "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirilməsi deməkdir.

"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR ("Azneft" İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.

(c)APA