2020-ci ilin birinci yarım ili ərzində Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentləri tərəfindən 534 milyon manatlıq məhsul istehsal edilib, ixrac isə 182 milyon manat təşkil edib. Bunu prezident İlham Əliyev deyib.
Dövlət başçısı bu gün “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.
“Hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub”, - deyə prezident qeyd edib.
Onun sözlərinə görə, 2019-cu ilin birinci yarısı ilə müqayisədə 2020-ci ilin müvafiq dövründə SKSP-də 2,1 dəfə çox məhsul buraxılıb, ixrac isə 1,5 dəfə artıb.
“Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub”, - deyə İ.Əliyev əlavə edib.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb. Hazırda 24 müəssisə SKSP-nin rezidentidir.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.
Bütövlükdə, parkın rezidentləri layihələrə $3,1 milyard sərmayə qoymalıdırlar. Hazırda faktiki olaraq $2,9 milyard sərmayə yatırılıb, növbəti mərhələdə daha $245 milyon vəsait qoyulacaq