Siyasət

14 Sentyabr

SOCAR Azərbaycanda yanacaq doldurma məntəqələrinin sayını 35-ə çatdırıb

“SOCAR Petroleum” QSC Azərbaycanda “SOCAR” brendi ilə yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 35-ə çatdırıb. Bu barədə “SOCAR Petroleum” şirkətindən məlumat verilib.

“Bu gün Salyan şəhəri, Bakı-Astara yolunun 119-cu km-də “SOCAR” brendi altında yeni YDM istifadəyə verilib”, - deyə məlumatda bildirilir.

Yeni istifadəyə verilmiş məntəqədə 6 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bu yanacaqdoldurma məntəqəsində “Super”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və neft məhsullarının pərakəndə satışı ilə məşğul olur. Şirkət respublikada ilk yanacaqdoldurma məntəqələrini 2010-cu ilin may ayında açıb.

Yanacaqdoldurma məntəqələrində Euro-4 standartlarına cavab verən Aİ-95 Premium, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) markalı benzinin, eləcə də maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir. Həmçinin şirkət 11 neft terminal bazasına malikdir.

 

(C)interfaks