Siyasət

03 Sentyabr

İsrail-BƏƏ yaxınlaşması Azərbaycanın neft bazarlarını daralda bilərmi - ekspertdən açıqlama

İlham Şaban: “Tel-Əviv üçün kommersiya maraqları daha üstündür, nəinki ərəb nefti almaq”
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə  İsrail arasındakı münasibətlər normal dönür. Belə ki, BƏƏ İsrailə qarşı iqtisadi boykotu ləğv edən ilk ərəb ölkəsi olub. Avqustun 29-da BƏƏ-nin prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan İsrailə iqtisadi boykot tətbiq edilməsi barədə 1972-ci ildə qəbul edilmiş federal qanunun qüvvədən düşməsi barədə sərəncam imzalayıb.

Qeyd olunub ki, əmirliklərin bu addımı İsraillə diplomatik münasibətlərin qurulması və ticarət əlaqələrinin yaradılması çərçivəsində atılıb. İki ölkə arasında sərmayələr və texnoloji innovasiyalar sahələrində də əməkdaşlıq nəzərdə tutulur.  BƏƏ prezidentinin bu qərarından sonra hər iki ölkənin şirkətləri əməkdaşlığa dair sazişlər imzalaya biləcəklər. İsrail mallarının əmirliklərə idxalına qoyulmuş qadağalar da aradan qaldırılır. Bundan başqa, Əbu-Dabi və Tel-Əviv arasında birbaşa aviareyslər də bərpa edilir. Boykotun qaldırılmasının ardından İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında bank və maliyyə sahəsində əməkdaşlıq haqqında ilk protokol imzalanıb.

İsrail KİV-i xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib. Razılaşma çərçivəsində maliyyə və investisiya sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün İsrail və BƏƏ ortaq komissiya yaradacaq.

Onu da qeyd edək ki, İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin normallaşması ərəb ölkəsinin neft idxalından asılı olan İsrail bazarına yolunu da aça bilər. Virtualaz.org xəbər verir ki, “Anadolu” agentliyi OPEC-in neft ehtiyatlarına görə dördüncü ən iri ölkəsi olan Birləşmiş Ərəb Əmirliklərinin İsraillə münasibətlərini normallaşdırmasının energetika sahəsində yeni imkanlar açdığını yazır. İsrailin Azərbaycan neftinin əsas alıcılarından biri olduğunu nəzərə alsaq, Azərbaycan neftinin xarici bazarlardakı mövqeyi üçün risklər yarana bilər. Digər tərəfdən, Azərbaycanın əsas enerji tərəfdaşlarından biri olan qardaş Türkiyədə neft-qaz yataqlarının tapıldığı xəbərləri var. Bəs görəsən, bu durum  Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasına maneə törədilə bilərmi?

Son 70 ildə iqtisadiyyat bu qədər çökməmişdi” -

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban  bildirdi ki, iki ölkə arasında problemlərin aradan qalxması hələ İsrailin Azərbaycan neftindən imtina etməsi demək deyil: “Bizim Birləşmiş Ərəb Əmirliklərində SOCAR Premium kimi  bir şirkətimiz var, adı da SOCAR İnternational-dır. Bu şirkət üçüncü tərəflərin neftini və neft məhsullarını alıb-satmaqla məşğuldur. Ona görə də bizim Körfəzə çıxışımız olmadığından o şirkətin Azərbaycanın istehsal etdiyi neftə və neft məhsullarına heç bir aidiyyəti yoxdur.

İki ölkə arasındakı  yaxınlaşmanın isə Azərbaycanın neft satışına təsir edəcəyini gözləmirəm. Biz öz neftimizi Ceyhanda satırıq.  İsrailin illik istehlak etdiyi təxminən 6 milyard barel neftin 40 faizi Ceyhan limanından alınır. Ceyhandan İsrailin Hayfa neftayırma zavoduna məsafə olduqca yaxındır. Ona görə də İsrail üçün kommersiya maraqları daha üstündür, nəinki ərəb nefti almaq.  Əgər lazım gəlsə, əlbəttə ki, ərəb neftini də ala bilər. Ancaq bu, bazarın konyukturasından asılıdır. İsrail BƏƏ ilə münasibətləri indi yaxşılaşdırsa da, Azərbaycanla əlaqələri müstəqillik əldə etdiyimiz gündən bəri çox yaxşıdır. Burada hazırda elə bir məqam yoxdur ki, İsrail bu bazardan imtina etsin və ya bizimlə münasibətləri korlansın ki, özünə yeni neft mənbəyi axtarsın".

Ekspertin sözlərinə görə, Türkiyənin yeni neft-qaz yataqları aşkarlansa belə, Azərbaycanın qardaş ölkəyə ixrac etdiyi qazın həcmi ilbəil artır və artmaqda davam edəcək: “Türkiyə Azərbaycan qazını 10 il öncə ilə müqayisədə 2 dəfə artıq həcmdə alır. 2009-cu illə 2019-cu ilin həcmlərini müqayisə etsək, 1, 93 dəfə artım var. Ötən il Azərbaycan Türkiyəyə 9,5 milyard kubmetrdən artıq həcmdə qaz ixrac edib. İndi Azərbaycanın da, Türkiyənin də hədəfi 2021-ci ilə qədər bu həcmləri 12, 5 milyarda çatdırmaqdır. Yəni ixracımız daha 3 milyard kubmetr artacaq. Bunun 6 milyard kubmetri ”Şahdəniz-2" layihəsindən, 6,5 milyard kubmetri isə  “Şahdəniz-1" layihəsi üzrə ixrac ediləcək. Bununla bağlı hər iki ölkə arasında razılaşma və müqavilələr var. Türkiyə ilə Azərbaycanı təkcə  qaz alqı-satqısı münasibətləri birləşdirmir. Burada həmçinin strateji münasibətlər var. Sovetlər Birliyi dağıldıqdan sonra 5 türk dövləti yarandısa, reallıqda Türkiyə Cümhuriyyətin yanında olan, Türkiyə ilə özünü ”bir millət, iki dövlət" sayan yeganə olaraq Azərbaycandır. Türkiyə də bunu həm siyasi, həm iqtisadi, həm mədəni baxımdan qiymətləndirir. Bu münasibətlər özünü reallıqda da doğruldur. Mart ayından etibarən Azərbaycan Türkiyənin enerji bazarında 1 nömrəli liderə   çevrilib, gələn ildən SOCAR-la BP-nin ortaq layihəsi olan yeni neft-kimya kompleksi “Merkuri”nin təməlqoyma mərasimi olacaq. Bu  “Petkim” və “Star” layihəsindən sonra Türkiyə sənayesində yeni bir önəmli layihəyə çevriləcək".