2020-ci ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 268 milyon dollar əməliyyat xərcləri və 947 milyon dollardan çox əsaslı xərclər sərf edilib.
Fins.az xəbər verir ki, ikinci rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində, dayaq blokunun inşası isə Heydər Əliyev adına Dərin Özüllər Zavodunda sosial məsafə saxlama tədbirləri ilə və sahədə işçi sayını azaltmaqla davam etmişdir. İlk iri qaldırma əməliyyatı kimi qazma dəstək modulunun aşağı göyərtəsi qaldırılmış və ilkin iri avadanlıq rüb ərzində Bakıya gətirilmişdir. Növbəti üst modul qaldırma əməliyyatı iyul ayında başa çatdırılıb.
Yaşayış blokunun inşası İsveçdə davam etmiş, həmçinin sualtı qurğuların inşası Dərin Özüllər Zavodunun tikinti sahəsində, sualtı boruların örtüklənməsi işləri isə Xəzər Boru Örtüklənməsi (Caspian Pipe Coating (CPC)) müəssisəsində davam etdirib.
COVİD-19 pandemiyasının ölkədə və dünyada yaratdığı məhdudiyyətlər materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olmağa davam edir. Buna baxmayaraq layihə komandası layihə çərçivəsində ən yaxşı nəticələr əldə etmək üçün bütün tərəflərlə yaxından işləməyə davam edir və bu ilin üçüncü rübündə dayaq bloku payalarının dənizdə quraşdırılması planı qüvvədədir.
Müəllif:Aynur Qəniyeva