“Azərenerji”nin yeni kompleksindəki Tədris Mərkəzində insan resurslarının inkişafı və elektroenergetikanın bütün sahələrini əhatə edən davamlı onlayn kurslar təşkil olunur.
Fins.az xəbər verir ki,dərslər həm “Azərenerji”nin əməkdaşları, həm də ölkənin bu sahə üzrə ixtisaslaşmış qabaqcıl alimləri və mütəxəssislərinin iştirakı ilə həyata keçirilir.
Dərslər və məşğələlər Tədris Mərkəzindən idarəolunmaqla simulyasiya proqramları vasitəsilə yerlərdəki elektrik stansiyaları, yarımstansiyalar və şəbəkələrdə də təşkil olunur. Elektrik stansiyaları və şəbəkələrin mühəndis, maşinist, eləcə də əməliyyat heyətinə aid olan əməkdaşlar simulyasiya proqramlarında enerji blokun isti və soyuq rejimdən işə qoşulması, generatorların sinxronlaşdırılmasından tutmuş operativ əməliyyatlar və əks qəza məşqlərinə qədər bütün prosesləri öyrənirlər.
Tədris otaqlarında müdavimlərin müstəqil işləmələri üçün trenajorların elektrik stansiyaları, yarımstansiyalar və şəbəkələrə aid avadanlıqlarla təchiz olunması onlayn dərslərin keçirilməsinə münbit şərait yaradıb.
Müəllif:Aynur Qəniyeva