Siyasət

22 İyul

Türkiyə SOCAR və BP-yə bu birgə müəssisəni yaratmağa icazə verib

Türkiyənin Rəqabət Qurumu SOCAR və Böyük Britaniyanın BP şirkətlərinə birgə neft-kimya kompleksinin yaradılmasına icazə verib.

“Türkiyənin Rəqabət Qurumu Türkiyənin neft-kimya sektorunda fəaliyyət göstərəcək və SOCAR və BP şirkətləri tərəfindən nəzarət olunacaq birgə müəssisənin yaradılmasına icazə verib”, - deyə qurumdan bildiriblər.

Xəbər verildiyi kimi, 2020-ci ilin aprel ayında SOCAR və Böyük Britaniyanın BP şirkətləri birgə neft-kimya kompleksinin yaradılması məqsədilə Türkiyənin antiinhisar orqanlarına müraciət ediblər. Bu qərar SOCAR və BP tərəfindən nəzarət ediləcək tam funksional neft-kimya müəssisəsinin (“Merkuri”) tikintisi üzrə birgə planların reallaşdırılmasına yönəlib”, - nəşrlər qeyd edir.

Xəbər verildiyi kimi, SOCAR və BP 2018-ci il dekabrın 20-də Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıb.

Layihə Əliağa rayonunda illik 1,25 mln. ton saf tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsal edən müəssisənin tikintisini nəzərdə tutur.

Yeni kompleks “Petkim” neft-kimya kompleksi və “STAR” emalı zavodunun yanında tikiləcək. Layihə $1,8 mlrd. dəyərində qiymətləndirilir. Layihədə tərəflərin payı 50/50-dir.

Xəbər verildiyi kimi, kompleksin həmçinin cari il ərzində inşasına başlamaq planlaşdırılırdı. Müəssisənin 2023-2025-ci illərdə işə salınması nəzərdə tutulurdu. Lakin, koronavirus pamdemiyası səbəbindən layihənin reallaşdırılması 2021-ci ilə təxirə salınıb.