Siyasət

15 İyul

SOCAR  Belarusa “Azeri Light” markalı neft ixrac etməyi planlaşdırır

SOCAR iyulun sonunda Belarusa yeni partiya Azərbaycan nefti göndərməyi planlaşdırır.

"Biz təxminən 30-31 iyul tarixlərində Gürcüstanın Supsa limanından Belarusa bir partiya neft göndərməyi planlaşdırırıq", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, göndəriləcək neftin həcmi təxminən 650 min barel təşkil edəcək.

Xəbər verildiyi kimi, “SOCAR Trading” mart-aprel aylarında Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Belarusun “Belneftexim” konserni üçün Mozır neft emalı zavoduna ümumi həcmi 350 min tona yaxın 4 partiya neft (mart ayında təxminən 250 min ton həcmində 3 partiya, aprel ayında 85 min ton həcmində 1 partiya) göndərilib.

İyunda SOCAR Supsa limanından Mozır neft emalı zavoduna 85 min ton neft yola salıb.

“Belneftexim”in məlumatına görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.

Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.

(c)İnterfaks Azərbaycan