2020-ci ili geyim və moda sənayəsinin bankrot olacağı il kimi gözlənilir. Səbəb isə bütün dünyanı bürüyən COVID-19 pandemiyasıdır. Hazırda dünya üzrə alıcıları böyük endirimlər, satıcıları isə dərin böhran gözləyir.
Pandemiya daha çox hansı biznesə təsir edəcək?
Bu sualın cavabı adətən belə olur: Aviakompaniyalar, turizm sektoru, restoranlar, kinoteatrlar, taksilər... Bu siyahıya mütləq geyim sənayesi və mağazalarını da qatmaq lazımdır.
Bu sektorda çalışan sahibkarlar daha çox bankrota uğramağa qorxur. Vitrində qalan məhsullar haqqında fikirləşmək olar ki, karantin bitəndən sonra alıcılar gəlib onları alacaq. Onsuz da xarab olmur. Nəticədə isə geyim sektoru bir müddətlik çətinlikdən sonra normal həyata dönəcək.
Amma ekspertlərin sözlərinə görə, belə olmayacaq. Belə ki, yaz mövsümünün məhsullarının vaxtı keçib. Gələn il isə bu ilin dəbinə uyğun olmayacaq. Məhsulu ancaq mövsümün əvvəlində və ya mövsüm vaxtı yaxşı qiymətə satıb gəlir əldə etmək olar.
Mövsüm bitəndən sonra məhsulun da qiyməti aşağı düşür. Həm də insanlar hələ bir müddət şopinq etməyə qorxacaqlar. Həm yoluxmaqdan, həm də dünyada baş verən iqtisadi böhrana görə, alıcılar qənaet rejiminə keçəcəklər.
“McKinsey” konsaltinq şirkətinin hesablamalarına görə, dünyada mağazalar açılandan sonra 54% insan hələ də şopinq etməyib, 25% isə cəmi 1 dəfə şopinq edib.
Karantin rejimi yumşaldılır. Mollar, mağazalar açılır. Amma satıcılar yaz yox, daha çox yay məhsulları təqdim edəcək.
Beləliklə, mağazaların anbarlarında yaz məhsulunun malları gələn il üçün öz növbələrini gözləyəcək.
Almaniyalı ekspertlərin sözlərinə görə, ola bilsin, yayda satıcıların anbarlarında artıq yeni çeşidlər üçün yer olmayacaq. Bu isə dəb sənayesinin də uçurumu ola bilər.
Tuncay Türbəndəzadə