Siyasət

02 phrase_var_core.april

"Azəri Çıraq Günəşli yatağından çıxarılan mənfəət neftinin satışından 148 mld dollardan çox gəlir əldə olunub

2020-ci ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından $1 milyard 671 milyon gəlir əldə edib. Bu barədə  fonddan məlumat verilib.

“2020-ci ilin I rübündə ARDNF AÇG blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından $1 milyard 671 milyon (2019-cu ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə azalma 25,5% - İF) gəlir əldə edib. O cümlədən, hesabat dövründə “Şahdəniz” yatağından hasil edilən kondensatın satışından fonda $100 milyon məbləğində gəlir (artım 9,9%) daxil olub”, - deyə məlumatda bildirilir.

Bütövlükdə, 2001-ci ildən 2020-ci il aprelin 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından $148 milyard 142 milyon məbləğində vəsait daxil olub.

Fonddan, həmçinin məlumat verilib ki, 2007-ci ildən 2020-ci il aprelin 1-nə qədər ARDNF-ə “Şahdəniz” yatağından çıxarılan mənfəət qazının satışından $2 milyard 834 milyon məbləğində vəsait daxil olub. Beləliklə, mart ayında “Şahdəniz” yatağından hasil edilən mənfəət qazının satışından ARDNF-in gəlirləri $29 milyon təşkil edib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.