Valideyn himayəsindən məhrum olan uşaqlar istənilən cəmiyyətin həssas kateqoriyasını təşkil edir. Belə insanların sosial adaptasiyası və cəmiyyətə inteqrasiya olunması hər zaman aktuallığını saxlayır. Bu gün Azərbaycanda internat məzunlarının müstəqil həyata inteqrasiyasının mühüm komponenti olan işlə təminat məsələsi nə yerdədir?
Fins.az xəbər verir ki, bu barədə açıqlama verən “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov cəmiyyətdə hələ də işə qəbul zamanı internat məzunlarına münasibətdə müəyyən stereotiplərin olduğunu deyib:
“Mən bir çox yerdə: “İnternat məzunu dedikdə ilk ağlınıza nə gəlir?”, – deyəndə on nəfərdən səkkizi kriminalameylli birinin gözlərinin önündə canlandığını deyir. Bu cür münasibətin formalaşması təsadüfi deyil. Buna səbəb bir tərəfdən filmlərdə canlandırılan internat uşağının mənfi obrazıdır. Digər tərəfdən, sosial şəbəkələrdə özlərini internat məzunu kimi tanıdan əxlaqsız, tüfeyli və səfil həyat tərzi sürənlərin lazımsız təbliğidir. Onlar özlərini valideyn himayəsindən məhrum olmuş kimi təqdim etməklə insanların mərhəmət hissi ilə oynayaraq onlardan hər hansı maddi nemət “qoparmaq” məqsədi güdüblər. Xatırlayıram, Nərimanov rayonu ərazisində sərxoş halda oturacaqda uzanmış qadını danışdıraraq onu internat məzunu kimi təqdim etmişdilər. Qadın qalmağa yerinin olmadığını, həddi-büluğa çatandan sonra internatdan çölə atıldığını iddia edirdi. Araşdıranda gördük ki, bu insan paytaxta Bərdədən gəlib və heç zaman internatda olmayıb. Bu cür şəxslərdən hansı internatdan olduqları və həmin təhsil müəssisəsinin direktorunun kimliyi soruşulduqda əksər halda cavab verə bilmirlər”.
A.Əhmədov bu stereotipləri sındıraraq internat məzunlarına yeni həyat qurmaq şansı tanıyan ilk təşkilatın Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olduğunu bildirib.
Onun sözlərinə görə, SOCAR hər il 12-15 məzunu daimi iş yeri ilə təmin edir: “Onlar öncə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində 6 aylıq kurs keçirlər. Bu dövr ərzində şirkət onların qayğılarını öz üzərinə götürərək ehtiyaclarını hərtərəfli şəkildə qarşılayır. Bura qidalanma, geyimlə bağlı xərclər, yataqxanada yer, digərlərinə nisbətən ikiqat təqaüd ilə təmin olunma daxildir. Çünki bütün bunlar olmasa, həmin məzunlar heç bir formada öz təhsillərini uğurla başa vura bilməzlər. Təhsil prosesinin sonunda məzunlar sertifikat alaraq SOCAR-a məxsus müxtəlif müəssisələrdə işlə təmin olunurlar. Bu zaman bəzilərinin əməkhaqqı 1 500 manata çatır. Hazırda 120-yə yaxın internat məzunu bu formada işlə təmin olunub. Xüsusilə vurğulamaq istəyirəm ki, bu, digər təşkilatlara da nümunə olacaq bir yanaşmadır. Əgər onlar SOCAR qədər olmasa da, internat məzunlarının işlə təminatına dəstək olsalar, valideyn himayəsindən məhrum olanların məşğulluq məsələsi əhəmiyyətli dərəcədə həll olunar”