“Azərenerji” ASC koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.
Bu barədə qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib.
T.Abdullayevin sözlərinə görə, bu məqsədlə Səhmdar Cəmiyyətin bütün elektrik stansiyaları, yarımstansiyaları, regional elektrik şəbəkələrində və digər obyektlərində insanların işlədiyi bütün binalar, o cümlədən yardımçı tikililərdə koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədi ilə zəruri tədbirlər görülür, dezinfeksiya işləri aparılır. İş otaqlarında, zallarda, idarəetmə mərkəzlərində və digər otaqlarda, dəhlizlərdə, pilləkənlərdə, foyelərdə xüsusi dərmanlanma işləri həyata keçirilir.

Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə də tədbirlər görülür. Əməkdaşlar tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırma işi həyata keçirilir.
©report