Britaniyanın "Anglo Asian Mining" şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) 2020-ci ildə 75-80 min unsiya qızıl ekvivalentində qiymətli metal hasil etməyi planlaşdırır. Bu barədə şirkətin məlumatında deyilir.
“Cari il üçün qiymətli metal hasil üzrə proqnozumuz 75-80 min unsiya qızıl ekvivalenti civarındadır. Eyni zamanda, 2020-ci ildə qızıl istehsalı 65-67 min unsiya həcmində proqnozlaşdırılır”, - şirkətdən vurğulanır.
AAM-nin məlumatına görə, 2019-cu ildə şirkət tərəfindən Azərbaycanda 81,399 min unsiya qızıl ekvivalentində qiymətli metal, həmçinin 70,098 min unsiya qızıl hasil olunub. Bununla da şirkət tərəfindən qiymətli metal hasilatının azalması 1,7%-dən 7,9%-dək təşkil edəcək. Eyni zamanda, qızıl hasilatında azalma 4,4%-dən 7,3%-dək təşkil edə bilər.
O cümlədən, "Anglo Asian Mining" qeyd edir ki, cari ildə Azərbaycanda 2,2-2,4 min ton mis hasil etməyi planlaşdırır. 2019-cu ildə bu göstərici 2,21 min ton mis təşkil edib.
Həmçinin, şirkətdən məlumat verilib ki, 2020-ci il dövlət büdcəsi hər unsiyanın qiyməti qızıl üzrə 1,48 min ABŞ dolları, gümüş üzrə 17 dollar, mis üzrə hər tonu 5,7 min ABŞ dolları olaraq götürülüb.
“Anglo-Asian Mining” şirkətinin 2020-ci ildə gəlirlərinin qiymətli metalların hazırkı qiymətlərində 100 mln. ABŞ dollarını ötəcəyini gözləyirik. “Uğur” mədənində hasilatın azalması səbəbindən hasilatın cüzi azalmasına baxmayaraq indiyədək müşahidə olunan metalların qiymətinin artımı şirkətə öz maliyyə göstəricilərini qorumağa imkan yaratmalıdır”, - məlumatda şirkətin baş direktoru Reza Vəzirinin sözlərindən sitat gətirilir.
O qeyd edib ki, şirlət üç müqavilə zonasında gələcəkdə hasilatın genişləndirilməsi imkanlarının müəyyən edilməsi məqsədilə geoloji kəşfiyyat işləri proqramını davam etdirir.
Xəbər verildiyi kimi, PSA tipli müqavilə 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51% “Anglo Asian Mining PLc” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə əsasən bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis çıxarılması nəzərdə tutulur.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb.“Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət “Qədir” yatağında, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağında qızıl hasilatına başlayıb.