“Azəriqaz” İstehsalat Birliyində struktur islahatlarının aparılmasının əsas səbəbi abonentlərin məmnuniyyətinin təmin olunmasıdır.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Müsavat TV-yə açıqlamasında bildirib.
O vurğulayıb ki, “Azəriqaz”ın baş direktoru Ruslan Əliyevin də kollegiya iclaslarında qoyduğu əsas tələblər yerlərdə abonent məmnunluğunun təmin olunması və işçilərin vəzifə səlahiyyətlərini aşmaması ilə bağlı olub: “Baş direktor həmişə qeyd edib ki, işçilər səlahiyyətləri daxilində vəzifələrinin icrasının məsuliyyətini dərk etməlidir. Bununla bağlı nəticə çıxarmayan insanlar vəzifəsindən azad olunacaq”.
O, vəzifə səlahiyətlərini aşan, vətəndaşı aldadan bir neçə işçinin işdən azad olunduğunu xatırladıb: “Bu işçilər barədə məlumat daxil olan kimi baş direktor dərhal reaksiya verdi. O bildirdi ki, belə insanlar bizim sıralarımızda ola bilməz, bu nöqsanlar bağışlanılmayacaq. Bundan sonra da vəzifə səlahiyyətlərini aşmaq heç kimə bağışlanılmayacaq. Hər kəs öz işlədiyi yerdəki işgüzar mühitin səmərəliliyini artırmağa çalışmalıdır. Yeni tələblərə, yeni çağırışlara cavab verilməlidir”.