"Dəm qazından zəhərlənmələr daha çox əvvəlki illərdə tikilmiş binalarda baş verir".
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Müsavat TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, daha əvvəl tikilmiş binalarda qazlaşma vəziyyəti yeni inşa edilmiş binalardakı qazlaşmadan fərqlidir: “Dəm qazından zəhərlənmə daha çox fərdi yaşayış evlərində, kənd və qəsəbələrdə baş verir. Yeni inşa edilən çoxmərtəbəli binaların hamam otağının tüstü bacaları yeni qurulub, təmizdir və havalanma normal şəkildə gedir. Bu binalarda mərkəzi isitmə sistemi hamamda yerləşmir, isitmə çöl eyvanlarda quraşdırılan kombi sistemi vasitəsilə həyata keçirilir. Amma digər evlərdə qeyri-standart cihazlardan istifadə etməklə onları hamam otaqlarında quraşdırırlar”.
C.Səfərov deyib ki, hamam otaqlarında baş verən dəm qazı zəhərlənmələrinin başlıca səbəbi hava çatışmazlığıdır: “Çünki bir kubmetr qazın yanması üçün 9 kubmetr havanın olması şərtdir. Əgər hamam otağında qapının altında müəyyən dəliklər yoxdursa, tüstü bacası açılmayıbsa və bərbad haldadırsa, dəm qazından zəhərlənmə qaçılmazdır. Hava çatışmazlığı nəticəsində natamam yanma prosesi gedir, hamam otağında olan insanın vəziyyəti dəyişir. Bəzən biz bunu iysiz və xəbər etmədən gələn ölüm kimi də qələmə veririk”.
“Azəriqaz”ın sözçüsü bildirib ki, hamam otaqlarında detektorlardan istifadə etmək lazımdır: “Bu qurğunun qiyməti cəmi 15 manatdır. Dəm qazı zamanı siqnal işə düşür və özünü pis hiss edən insan dərhal hamam otağını tərk edə bilər. Hamam otağında qapıları çölə açılan vəziyyətdə qurmaq lazımdır. Çünki belə vəziyyətlər yarandıqda hamam otağından çıxmaq istəyən insan qapını çölə açmaq məcburiyyətində qalır. Əgər bu qapı daxilə açılırsa, onun vəziyyəti daha da gərginləşə bilər”.
Dəm qazı ilə bağlı daha geniş danışmağın mümkünlüyünü qeyd edən C.Səfərov xatırladıb ki, 2016-cı ilin may ayından etibarən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən mənzillərdə və eyni zamanda fərdi yaşayış evlərində texniki baxış həyata keçirilmir: “Biz belə bir səlahiyyət sahibi deyilik. Bunu Energetika və Fövqəladə Hallar Nazirlikləri həyata keçirir. “Azəriqaz” texniki baxış həyata keçirmədiyi üçün hamam otaqlarında vəziyyətin nə halda olduğunun cavabdehliyi bizim üzərimizdə deyil. Amma bununla belə Birlik təbii qazın istifadəsi ilə bağlı əhali arasında maarifləndirmə işlərini mütəmadi olaraq aparır”.