Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə elektrik enerjisinin verilişində heç bir problem yoxdur. Lakin güclü külək regionlarda enerji təsərrüfatına ciddi ziyan vurub.
Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, güclü külək evlərin dam örtüklərini və irigövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb: “Ötən gecə Bərdə rayonunda güclü küləyin təsiri nəticəsində elektrik verilişi xətlərinin birində açılma baş verib. Həmçinin Ağcabədi və Şəki rayonlarında da çox güclü külək dayaqları aşırıb, qabaqlayıcı tədbirlər nəticəsində qəzaların sayı azalıb,10 kilovoltluq xətlərdə qısa qapanmalar baş verməyib, külək sakitləşdikcə baş vermiş qəzalar operativ aradan qaldırılıb. Hazırda Agcabədi rayonunda 4-5 kəndin elektrik təchizatının təminatı ilə əlaqədar qəzanın nəticələri aradan qaldırılır”.
T.Mustafayev qeyd edib ki, “Azərişıq” baş verən qəzaların nəticələrini aradan qaldırmaq üçün lazımi sayda mal-material və avadanlıq cəlb edib.