Siyasət

25 Fevral

Azərbaycan alternativ enerjiyə investisiyaları əhəmiyyətli dərəcədə artıracaq

Azərbaycan yaxın illərdə alternativ enerjiyə investisiyaları artırmaqla bu sahəni fəal inkişaf etdirmək niyyətindədir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin rəisi Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı 25,3 min meqavattdan çoxdur ki, bu da ildə 62,8 milyard kilovatt/saat elektrik enerjisi istehsal etməyə imkan yaradacaq.

R.Səttarzadə bildirib ki, ölkənin bu sahədəki potensialının böyük hissəsi günəş enerjisinin payına düşür və 23 040 meqavatt səviyyəsində dəyərləndirilir. Külək enerjisinin payı 3 min meqavatt, biokütlələr 380 meqavatt, geotermal enerji 800 meqavatt təşkil edir. Qalan 520 meqavatt kiçik su elektrik stansiyalarının payına düşür:

"Layihələrin böyük əksəriyyəti artıq reallaşdırılıb, amma bu ildən başlayaraq alternativ enerjinin inkişafı ilə bağlı layihələrin icrası daha da intensivləşəcək. Alternativ enerji istehsalı layihələrinə böyük dövlət investisiyaları gözlənilir, çünki dövlət bu sahəyə böyük əhəmiyyət verir".

O vurğulayıb ki, hazırda su enerjisi Azərbaycanda ən vacib bərpa olunan enerji mənbəyidir:

"Su elektrik stansiyalarının tikintisi üçün yerlərin əksəriyyəti artıq istifadə olunur. Çayın üzərində tikilən bənd və su anbarlarının sayı məhduddur. Əgər çayda həddən çox elektrik stansiyası tikilsə, su enerjisinin paylanması ilə bağlı iqtisadi münaqişələr qaçılmaz olacaq".