Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində iki yeni elektrik stansiya tikintisi layihələrinin reallaşdırılması iki ilə yaxın vaxt tələb edəcək. Bunu energetika nazirinin müavini Elnur Soltanov deyib.
“Bir qayda olaraq, bu cür layihələrin başlanması və başa çatması təqribən 1-2 il vaxt aparır. Ən bədbin proqnozlara əsasən, Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində ümumi gücü 440 MVt olan iki yeni obyektin tikintisi 2 ilə yaxın vaxt aparacaq”, - Soltanov çərşənbə günü “İnterfaks-Azərbaycan”ın sualına cavabında jurnalistlərə bildirib.
Eyni zamanda, bu stansiyaların hər biri mərhələli şəkildə istifadəyə veriləcək və ümumi enerji sisteminə inteqrasiya olunacaq.
“Qeyd olunan layihələrin reallaşdırılmasına sərmayələrin ümumi həcmi $400 milyona yaxın qiymətləndirilir”, - Soltanov qeyd edib.
Onun sözlərinə görə, bu iki layihənin icrası Azərbaycana illik 300 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək, bu da ölkə əhalisi tərəfindən istehlak olunan qazən ümumi həcminin 10%-ni təşkil edir.
Həmçinin, Soltanov məlumat verib ki, Azərbaycanda bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı üzrə müəyyən olunmuş gücün xüsusi çəkisi 17% və ya 1,276 min MVt təşkil edir. 2019-cu ilin yekunları üzrə iki su elektrik stansiyaları nəzərə alınmaqla elektrik enerjisi istehsalının faktiki həcmi cəmi 7,9% təşkil edib.
Xəbər verildiyi kimi, 2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
Bundan əlavə, bilvasitə şirkətlərdən əldə olunan məlumata görə, hər iki layihənin reallaşdırılması "build-own-operate" (tik-sahib ol-idarə et) modeli ilə reallaşdırılacaq.
Masdar şirlətinin inşa edəcəyi günəş stansiyası Bakıdan 75 km cənub-qərbdə yerləşəcək və 2022-ci ildə kommeriya istifadasinə veriləcək.