Siyasət

19 Fevral

Assosiasiya sədri: “SOCAR Gürcüstandakı fiziki məhdudiyyətli azərbaycanlılara böyük qayğı göstərir”

Azərbaycan və Gürcüstan, dövlət müstəqilliklərini eyni vaxtda əldə edərək, həmişə səmimi qonşuluq münasibətlərini qoruyub saxlaya biliblər. Ermənistanın işğalçı siyasəti nəticəsində Gürcüstan Azərbaycanın dünya bazarlarına açılan əsas qapısına çevrilib və hər iki ölkə bu tərəfdaşlıqdan bəhrələnib. İki ölkə arasında əməkdaşlığın aparıcı qüvvəsi isə Azərbaycan iqtisadiyyatının lokomotivi olan SOCAR-dır. 

2006-cı ildən etibarən, SOCAR Gürcüstan bazarına daxil olaraq, bu ölkənin enerji sektoruna investisiya yatırmaqdadır. 2007-2019-cu illər ərzində SOCAR tərəfindən Gürcüstan iqtisadiyyatına 1,1 milyard ABŞ dollarından çox investisiya qoyulub. Hazırda Gürcüstanda “SOCAR Georgia Energy”, “SOCAR Georgia Petroleum”, “SOCAR Georgia Gas”, “SOCAR Georgia Security” şirkətləri və Kulevi neft terminalı uğurla fəaliyyət göstərir. 12 il ərzində bu qurumlar tərəfindən Gürcüstanın dövlət büdcəsinə 1,5 milyard ABŞ dolları həcmində vergi ödənilib. Bu məbləğ SOCAR-ın Azərbaycan büdcəsinə tək bir il ərzində ödədiyi məbləğə təqribən bərabərdir. SOCAR Gürcüstanın da ən böyük vergi ödəyicisidir.

 

 

Gürcüstan əhalisinin 30%-dən çoxu başqa millətlərin nümayəndələrindən ibarətdir. Azərbaycanlılar Gürcüstanda ən böyük etnik qrupdur. Bu gün Gürcüstan Respublikasının ərazisinə daxil olan tarixi Azərbaycan torpaqlarında, təxminən, 200-dən artıq kənddə 300 min nəfərə yaxın azərbaycanlı yaşayır. Onlar, əsasən Borçalıda (Kvemo Kartli), başqa sözlə, ölkənin cənub-şərqi və mərkəzi rayonlarında: Marneulidə, Qardabanidə, Bolnisidə, Dmanisidə yaşayırlar. Bu dörd rayonda çoxluq da azərbaycanlılara məxsusdur. Azərbaycanlıların bir hissəsi isə ölkənin paytaxtı Tbilisidə, Kvemo Kartli mxaresinin inzibati mərkəzində — Rustavi şəhərində və digər yerlərdə məskunlaşıblar. Lakin son dövrdə bir çox soydaşlarımız Gürcüstan iqtisadiyyatına tam inteqrasiya edə bilməyib, öz ata yurdlarını tərk edərək Azərbaycana, Rusiyaya və digər ölkələrə köçməyə məcbur olublar. Prosesin bu cür davam etməsi tarixi Borçalıda azərbaycanlıların mədəni irsinin itirilməsinə gətirib çıxara bilərdi.

SOCAR Gürcüstanda iqtisadi fəaliyyəti ilə yanaşı, həm də öz ata yurdlarında yaşayan etnik azərbaycanlıların sosial problemlərinin həllini də daim diqqət mərkəzində saxlayır: soydaşlarımıza dəstək olur, onların cəmiyyətə inteqrasiya olunması və uğur əldə etməsi üçün müxtəlif sahələrdə sosial layihələr həyata keçirir. Gəlin, bu layihələrlə daha yaxından tanış olaq. 

 

 

Gürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyasının sədri Rövşən Əliyev “Report”un yerli bürosuna açıqlamasında bildirib ki, SOCAR şirkəti Gürcüstanda yaşayan fiziki məhdudiyyətli azərbaycanlılara böyük qayğı göstərir.

Onun sözlərinə görə, şirkətin Gürcüstan nümayəndələyinə rəhbərlik etdiyi təşkilatın adından ünvanlanan hər bir müraciət dərhal və qısa zaman ərzində diqqətə götürülür: “Son illər ərzində SOCAR şirkəti təşkilatımıza 210 ədəd əlil arabası hədiyyə edib. Bununla yanaşı fiziki məhdudiyyətli 400 şəxsin ehtiyacı olduğu 500-dən çox dərman preparatlarının alınmasına, ərzaq yardımlarının paylanılması və digər sosial layihələrin həyata keçirilməsinə də dəstəyini əsirgəməyib”.

R.Əliyev deyib ki, şirkət üç əlil azərbaycanlının əməliyyat xərclərini də öz üzərinə götürüb. “SOCAR-ın dəstəyi sayəsində əlillər üçün 1 000 ədəd hüquqi maarifəndirmə kitabçası nəşr olunub. Dəstək layihələri çərçivəsində fiziki imkanları məhdud azərbaycanlı gəncin İlya Dövlət Universitetində təhsil almasına da yardım göstərilib”.

Assosiasiya sədri SOCAR şirkətinin onlara göstərdiyi böyük diqqət və qayğını yüksək qiymətləndirib: “Şirkət azərbaycanlı əlilləri narahat edən istənilən məsələni təxirəsalınmadan diqqətə götürür. Assosiasiyanın üzvləri bu böyük dəstəyə və mərhəmətə görə ilk növbədə Azərbaycan dövlətinə, SOCAR şirkətinin və Gürcüstan nümayəndəliyinin rəhbərliyinə böyük minnətdarlıqlarını bildirirlər”.