Siyasət

19 Fevral

Ərəb şirkətləri Azərbaycana 400 mln. dollara yaxın sərmayə yatıracaq

Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirəcək pilot layihələri çərçivəsində 400 mln. ABŞ dollarına yaxın sərmayə yatıracaq.

"APA-Economics"in məlumatına görə,  bu barədə jurnalistlərə Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov söyləyib.

Onun sözlərinə görə, sözügedən layihələrin reallaşdırılması iki ilə yaxın vaxt aparacaq və mərhələli qaydada icra olunacaq.

Xatırladaq ki, bu ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.

Müqavilələri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, "ACWA Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və "Masdar" şirkətinin icraçı direktoru Məhəmməd Cameel Al Ramahi imzalayıblar. Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə 240 meqavat gücündə külək, "Masdar" şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

E. Soltanovun sözlərinə görə, sözügedən istehsalat güclərinin istifadəyə verilməsi ildə 300 mln. kubmetr qaza qənaət etməyə imkan yaradacaq ki, bu da Azərbaycanda əhali üzrə qaz istehlakının 10%-i deməkdir. O həmçinin əlavə edib ki, 300 mln. kubmetr – Naxçıvan Muxtar Respublikasının qaz üzrə tələbatından çox bir həcmdir.

"Bu layihələrin həyata keçirilməsi əlavə xarici investisiyalar, qazın qənaəti və ixrac imkanların genişlənməsi deməkdir", - deyə E. Soltanov qeyd edib.

Qeyd edək ki, "ACWA Power" şirkəti hazırda qlobal miqyasda bərpa olunan enerji sahəsində 8 000 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 200 MVt qoyuluş gücünə bərabər istehsal və 45 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir. "Masdar" şirkəti isə bərpa olunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4 000 MVt həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 mlrd. dollar məbləğində investisiya qoyuluşu həyata keçirib.