Bu gün “SOCAR Polymer”in Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşən ikinci zavodu - Yüksək Sıxlıqlı Polietilen Zavodunun istifadəyə verilməsinin bir ili tamam olur. Zavod gündəlik 330 ton, illik 120 min ton yüksək sıxlıqlı polietilen istehsal gücünə malikdir. Zavodun mühəndislik, təchizat və tikinti işlərini “Maire Tecnimont” şirkəti həyata keçirib. Zavodda istehsal olunan məhsulun 25%-i daxili bazar, 75%-i ixrac üçün nəzərdə tutulub. İstehsal olunmuş məhsul dəmiryolu, dəniz və quru yolla daşınır. Polietilen istehsalı üçün əsas xammal qismində istifadə edilən etilen qazı SOCAR-ın Sumqayıtdakı “Azərikimya” İstehsalat Birliyində istehsal edilir. İlkin olaraq polietilen toz halında əldə edilir, sonra dənəvər hala gətirilərək qablaşdırılır və satışa təqdim edilir.
Polietilen dünyada ən geniş yayılmış polimer növüdür. Yüngül çəkiyə və yüksək möhkəmliyə malikdir. İqtisadi cəhətdən səmərəli xammaldır. “SOCAR Polymer”in zavodunda 9 növdə ağ rəngli və 3 növdə isə qara rəngli polietilen istehsal olunur. Yüksək sıxlıqlı polietilendən kənd təsərrüfatı, boru sistemləri, ərzaq qablaşdırılması, tikinti materialları, Kimyəvi maddə və kosmetika, Avtomobil sənayesi, İstehlak və məişət malları, Tibbi təyinatlı mallar, Elektron cihazların hissələri və elektrik mallarının istehsalında xammal kimi istifadə olunur.
Zavodda təxminən 300 nəfər daimi işlə təmin edilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsinin müəllimi Nemət Abbasov zavodun əhəmiyyətindən danışaraq bildirib ki, Yüksək Sıxlıqlı Polietilen Zavodu Azərbaycan iqtisadiyyatı üçün vacib zavoddur.
O qeyd edib ki, bu zavodun ölkədə inşa edilməsi yüksək sıxlıqlı polietilen məhsulunun daxili istehsal hesabına ödənilməsinə imkan yaradır.
“Bildiyiniz kimi, Yüksək Sıxlıqlı Polietilen Zavodu Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilib. Zavodda illik istehsal gücü 120 min ton nəzərdə tutulub. Bu, Azərbaycanın neft-kimya tarixində ilk Yüksək Sıxlıqlı Polietilen Zavodudur. Zavod Azərbaycana böyük gəlirlər gətirəcək. Çünki bu zavod inşa olunana qədər yüksək sıxlıqlı polietilen məhsulunu xaricdən idxal edirdik. Məhsulun xaricdən alınması isə xaricə valyuta axınına səbəb olurdu. Bu zavodun istismara verilməsi ilə idxalı dayandırmış olduq, yəni bu məhsulla bağlı xaricə valyuta axınının qarşısı alınmış oldu. Azərbaycanda belə bir zavodun inşası sayəsində isə daxili tələbat ödənilir, həm də ilk dəfə olaraq ölkədən yüksək sıxlıqlı polietilen məhsulu ixrac olunur. Bu da iqtisadiyyat üçün vacib faktordur”, - o əlavə edib.
N.Abbasov zavodun kiçik biznesin inkişafına da töhfə verdiyini vurğulayıb: “Belə bir zavodun Azərbaycanda inşa olunmasından yüksək sıxlıqlı polietilendən xammal olaraq istifadə edən sahibkarlar yaxşı yararlana bilərlər. Məhsulun ölkədə istehsal olunması onun daha ucuz başa gəlməsinə və xaricdən asılılığın aradan qaldırılmasına səbəb olur”.