Siyasət

18 Fevral

Yanvar ayında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 14,5% artıb

2020-ci ilin yanvar ayında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 1 milyard 71 milyon kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,5% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Cari ilin yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 33,9%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, - deyə məlumatda bildirilir.

Bütövlükdə, yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 3 milyard 163,6 milyon kubmetr qaz (artım 12,2%) nəql edilib.

2019-cu ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 10 milyard 417,8 milyon kubmetr təşkil edib.

“Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstan və Türkiyəyə ixrac olunur. Azərbaycan Türkiyəyə yalnız bu yataqdan hasil edilən qazı ixrac edir.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.