Siyasət

17 Fevral

"Cənub Qaz Dəhlizi"-nin auditi üçün bu şirkətlə 66 min manatlıq müqavilə imzalanıb

"Ernst YoungHoldinqs (SiAyEs) Bi.Vi.» beynəlxalq audit şirkəti "Cənub Qaz Dəhlizi" (CQD) QSC-nin 2019-2021-ci illər üzrə maliyyə fəaliyyətinin beynəlxalq audit standartlarına uyğun auditini aparacaq.

www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Ernst Young” CQD-nin həyata keçirdiyi müvafiq seçimin qalibi olub.

Şirkətlə 66 min manat dəyərində müqavilə bağlanıb.

“Cənub Qaz Dəhlizi” QSC “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə yaradılıb.

Cəmiyyətin kapitalında SOCAR 49%, dövlət isə 51% pay sahibidir. Dövlət Neft Fondu “Cənub Qaz Dəhlizi” QSC-də dövlətin iştirak payının maliyyələşdirilməsini təmin edib.

“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.

CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

Layihənin ümumi dəyəri $38 milyard təşkil edir.

10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.