Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) birmənalı şəkildə bu gün neft və qeyri-neft sektorunun flaqmanı rolunda çıxış edir. Bəs şirkətin qlobal bazardakı mövqeyi nədən ibarətdir və o, bir Azərbaycan brendinə çevrilə bilərmi?
Bu barədə açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bu gün SOCAR-ın timsalında Azərbaycan brendinə çevrilən transmilli bir şirkətə sahib olduğumuzu deyib:
“Müstəqillimiz dövründə xarici investorların ilk yatırım etdiyi məhz neft sektoru oldu. O zaman imzalanan "Əsrin müqaviləsi"nin kökündə daha uzaq görən bir siyasət dayanırdı. Ona əsasən neft pullarını həm də neft-qaz sənayesindəki mövcud infrastruktura, istehsal sahələrinə investisiya edərək elə bir inkişaf səviyyəsi təmin olunmalı idi ki, gələcəkdə karbohidrogen ehtiyatalarımızı özümüz hasil edib satmaqla yanaşı, həm də xaricdə bu işlə məşğul olmaq qabiliyyətində olan bir quruma sahib olaq. Buna da qısa zamanda uğurlu şəkildə nail olundu. Bu gün SOCAR nəinki Azərbaycanın karbohidrogen ehtiyatlarından tam şəkildə istifadə etmək imkanına malikdir, eyni zamanda xarici ölkələrdə belə neft hasilatında bilavasitə iştirak etmək potensialına malikdir. Bu, çox mühüm bir nailiyyətdir. Qlobal bazarda uzun illər ərzində oturuşmuş, nüfuzlu, bir sıra istiqamətlər üzrə monopolist mövqeyə malik, arxalarında böyük dövlətlərin durduğu iri transmilli şirkətlər var. Belə bir bazarda SOCAR-ın indiyə kimi əldə etdiyi uğurlar fövqəladə xarakter daşıyır. O, faktiki olaraq Azərbaycanın qlobal brendinə çevrilib. Bu uğurların arxasında, heç şübhəsiz ki, şirkətdəki çevik idarəçilik və peşəkar yanaşma da dayanır".