SOCAR Sumqayıtda bir çox sosialyönümlü işləri öz üzərinə götürüb.
Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, "Azərikimya" İB SOCAR-ın struktur tərkibinə daxil edildikdən sonra SOCAR Sumqayıt əhalisi üçün bir sıra mühüm sosial layihələri həyata keçirib: "Belə ki, şirkətin dəstəyi ilə "Kimyaçı" poliklinikası və Təcili Tibbi Yardım Mərkəzi yaradılıb, müasir tibb avadanlıqları ilə təchiz edilərək sakinlərin xidmətinə verilib. Ötən il 17 saylı "Gül" uşaq bağçasında əsaslı təmir və yenidənqurma işləri aparıldı. Şəhəri təmsil edən "Sumqayıt" Peşəkar Futbol Klubu və bu klub üçün geniş idman kompleksi yaradıldı. Cüdo Təlim İdman Mərkəzinin binası və "Kimyaçı" mədəniyyət sarayı da SOCAR-ın dəstəyi ilə əsaslı təmir olundu".
SOCAR-ın rəsmisi onu da əlavə edib ki, "Azərikimya" İB-nin əməkdaşları sosial dəstək məqsədi ilə şəhərin məhəllə və mikrorayonlarını abadlaşdıraraq, bir sıra məktəb və bağçaları təmir edib, bəzi məktəblərin idman zallarının, kitabxanaların, yaşayış binalarının dam örtüklərini dəyişdirərək, fasadlarını rəngləmiş, nümunəvi məhəllələr yaradan SOCAR işçiləri şəhərin sənaye zonasında 100 minlərlə ağac əkiblər: "2019-cu ildə Sumqayıtın 70 illik yubileyinə SOCAR-ın ən böyük töhfəsi "Nizami" kinoteatrının yenidən qurulması və müasir avadanlıqlarla təchiz edilməsi olub. Şəhər sakinlərinin böyük rəğbətinə səbəb olmuş bu layihə 7 aya həyata keçirilib. 2019-cu il noyabr ayının 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə istifadəyə verilən kinoteatr artıq şəhər sakinlərinin, əsas etibarilə də gənclərin sevimli istirahət mərkəzinə çevrilib".