"Etilen-Polietilen" zavodunun etilen üzrə illik məhsuldarlığı 2,3 dəfə artırılacaq.
Bunu jurnalistlərə açıqlamasında "Etilen-Polietilen" zavodunun baş mühəndisin modernizasıya üzrə müavini Qadir Əliyev deyib.
Onun sözlərinə görə, əgər 2017-ci ildə zavodun propilen üzrə illik məhsuldarlığı 80-100 min ton təşkil edirdisə, 2020-ci ildə bu göstərici 187 min tona çatacağı gözlənilir.
Modernizasiyadan sonra zavodda etilen istehsalı üzrə də kəskin artım olacaq. Belə ki, bu il zavodun illik məhsuldarlığı, demək olar ki, iki dəfə artaraq 192 min ton təşkil edəcək, Q. Əliyev bildirib.
O həmçinin xatırladıb ki, 2017-ci ildə "Etilen-Polietilen" zavodunun etilen üzrə illik məhsuldarlığı 100-120 min civarında olub.
Xatırladaq ki, "Etilen-Polietilen" zavodunun modernizasiya layihənin icra qrafikinə uyğun olaraq, aktiv inşaat işləri 2017-ci ildə başlanıb. Tikinti və montaj işlərinə əsasən Sumqayıt şəhərindən və ətraf regionlardan orta hesabla 2000 nəfərdən çox mütəxəssis işə cəlb olunub ki, onların da 94%-ni yerli mütəxəssislər təşkil edir. Zavodun modernizasiyası 2020-ci ilin üçüncü rübündə bitəcək.
Q. Əliyev əlavə edib ki, yenidənqurma və modernizasiya layihəsinin baş podratçısı "Technip" şirkətinin İtaliya ofisidir. Layihənin idarə edilməsində məsləhətçi kimi "SOCAR-KBR" şirkəti çıxış edir. Müxtəlif mərhələlərdə texniki məsləhətçi kimi "Fluor" şirkətinin Niderland ofisi və "Clifford Chance" şirkətinin Böyük Britaniya ofisi layihəyə dəstək verib. Tikinti-quraşdırma işləri SOCAR-ın birgə müəssisəsi "Azfen" və Türkiyənin "Üstay" şirkətlərinə həvalə olunub. Ümumilikdə, layihəyə dünyanın təxminən 50 ölkəsini təmsil edən 50-dən çox istehsalçı və podratçı şirkət cəlb edilib.
© APA