OPEK+ nazirlərinin görüşü fevralın sonu - martın əvvəli keçirilə bilər.Fins.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika naziri Nurlan Noqayev bildirib.
“Ümumiyyətlə, keçən il nazirlər görüşünün mart ayının əvvəlində olacağı barədə razılıq verilib”, - deyə Noqayev vurğulayıb.
O, hazırda hər kəsin bu tarixlə razılaşdığını, lakin ehtiyac yaranarsa, iclasın fevral ayına keçirilə biləcəyini sözlərinə əlavə edib.
Nazir OPEK-in baş katibi Məhəmməd Barkindo ilə danışdığını da qeyd edib.
Qeyd edək ki, 2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın, təxminən, 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.