SOCAR şirkəti (ARDNŞ) Bakı-Tbilisi-Ceyhan neft kəmərinin (BTC) idarəçiliyində əməliyyat fəaliyyətini genişləndirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
“SOCAR törəməsi olan “SOCAR Midstream Operations” şirkəti vasitəsilə 2015-ci ildən etibarən Cənubi Qafqaz Boru Kəməri magistralının kommersiya operatoru rolunu həyata keçirir. Bu dövr ərzində boru kəmərinin istismarının səmərəliliyinin artırılması və əməliyyat xərclərinin azalması ilə bağlı tədbirlər görülüb. Bu faktı nəzərə alaraq və karbohidrogenlərin nəqli layihələrində SOCAR-ın rolunun gücləndirilməsi məqsədilə, hazırda regional beynəlxalq boru kəmərlərinin idarəçiliyində əməlyyat fəaliyyətinin genişləndirilməsi ilə bağlı danışıqlar aparılır”, - Əhmədov izah edib.
O, həmçinin məlumat verib ki, 2019-cu ildə BTC ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan 34,6 milyon barrelə yaxın neft nəql olunub. “Tranzit neftin böyük həcmi Korçaqin, Solneçniy, Yujno-Solneçniy və Novokiyevski kimi Rusiyanın yataqlarından daxil olub”, - Əhmədov bildirib.
Daha əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayev ötən həftə Azərbaycan gəncləri ilə görüş zamanı bəyan edib ki, 2020-ci ildə SOCAR Bskl-Tbilisi-Ceyhan neft kəmərinin kommersiya operatoru olacaq.
BP şirkətinin məlumatına görə, 2019-cu ildə BTC neft kəməri vasitəsilə 31 mln. ton neft nəql edilib (233 milyon barreldən çox), Ceyhan limanından 296 tanker yola salınıb.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%) şirkətləridir.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat BTC boru kəməri ilə nəql olunur. Həmçinin 2010-cu ilin iyun ayından etibarən boru kəməri ilə Türkmənistan neftinin nəqlinə başlanılıb.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.