Siyasət

06 Fevral

BP Abşeron yarımadasında kəşfiyyat quyusunun qazılmasını 2020-ci ilin sonuna təxirə salıb

Abşeron yarımadasının dayazsulu hissəsində (Shallow Water Absheron Peninsula, SWAP) birinci kəşfiyyat quyusunun qazılmasına 2020-ci ilin sonunda başlanılacaq. Bu barədə  “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Daha əvvəl BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyədə xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirmişdi ki, şirkət SWAP layihəsi çərçivəsində kəşfiyyat qazma işlərinə 2020-ci ilin I yarısında başlamağı planlaşdırır.

“Abşeron yarımadasının dayazsulu hissəsində birinci kəşfiyyat quyusunun qazılmasının planlaşdırılması üzrə işlər hələ davam edir. Qazma əməliyyatları bu ilin sonunda bu məqsədlər üçün seçilmiş qazma qurğusunun optimallaşdırılması ilə bağlı işlər başa çatdıqdan sonra başlayacaq”, - deyə məlumatda qeyd olunur.

Kəşfiyyat qazma işlərinin həyata keçirilməsinə Qazaxıstandan icarəyə götürülmüş “Satti” özüqalxan üzən qazma qurğusu cəlb olunacaq.

BP qazma işlərinin yekunları üzrə bu blokda neft ehtiyatlarının aşkarlanacağına ümid edir.

2016-cı ilin noyabr ayında “BP-Azerbaijan” şirkəti Abşeron arxipelaqının dayazsulu hissəsində seysmik tədqiqatlar aparılıb. Seysmik tədqiqatlar 1,52 min kvadratmetr ərazini əhatə edib. 90 kvadratmetr ərazi quruda tədqiq olunub.

Seysmik işlərin yekunları üzrə Abşeron yarımadasının dayazsulu hissəsində qazma işlərinin həyata keçirilməsi üçün 3 sahə seçilib.

2014-cü il dekabrın 22-də SOCAR ilə BP arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi imzalanıb.

Müqavilə sahəsi təxminən 1,9 min kvadratmetr təşkil edir. Saziş üzrə 50% pay BP, 50% pay isə SOCAR-a məxsusdur.

Saziş çərçivəsində işlər 3 mərhələyə bölünüb: ilkin kəşfiyyat, əsas kəşfiyyat, yataqların işlənməsi.

30 ay davam edəcək birinci mərhələ çərçivəsində BP 3D və 2D seysmik tədqiqat işləri həyata keçirməli, həmçinin işlərin bütün müqavilə sahəsində ətraf mühitə təsirini qiymətləndirməlidir. Əgər BP bu müddət ərzində perspektivli strukturlar aşkar edərsə, 4 bu cür struktur seçmək və növbəti mərhələyə - əsas kəşfiyyata keçmək hüququna malikdir.

Müqaviləyə əsasən, ikinci mərhələnin reallaşması 3 ilə qədər müddəti əhatə edə bilər.

Bu dövrdə BP seçilmiş strukturlarda mühəndis-geoloji tədqiqat aparmalı və həmin işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair hesabat hazırlamalıdır. Bu dövr ərzində podratçı kommersiya nöqteyi-nəzərindən qiymətli ehtiyatlar aşkar edərək bu barədə SOCAR-a məlumat verərsə, 6 ay ərzində bu yataqların işlənməsi proqramını hazırlamalı və bundan sonra 3-cü mərhələyə - birbaşa işlənmə prosesinə keçməlidir.

Saziş işlənmə mərhələsinin 23 il davam edəcəyini nəzərdə tutur, lakin bu dövr uzadıla bilər. BP işlənmə mərhələsinin başladığı 36 ay ərzində sənaye hasilatına başlamalıdır.