Siyasət

06 Fevral

BP iyul ayına qədər Xəzərin Azərbaycan sektorunda D230 perspektiv blokunda 3D-seysmik tədqiqatları başa çatdır

BP şirkəti 202-ci ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda D230 perspektiv blokunda 3D-seysmik tədqiqatları başa çatdıracaq. Bu barədə şirkətdən məlumat verilib.

“Dekabrın sonunda D230 perspektiv blokunda 3D-seysmik tədqiqatlara başlanılıb. Hazırda bu tədqiatlar davam edir və cari ilin birinci yarısında başa çatacaq. Növbəti mərhələdə əldə olunan məlumatlar öyrənilərək izah olunacaqü. Nəticədən asılı olaraq BP 2020-ci il ərzində ilk kəşfiyyat quyusunun qazılmasına başlaya bilər”, - şirkətdən məlumat verilir.

D230 perspektiv blokunda 3D-seysmik tədqiqatlar ixtisaslaşmış “Gilavar” gəmisi vasitəsilə həyata keçirilir.

Xəbər verildiyi kimi, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib ki, BP şirkəti 2020-ci ilin əvvəlində Xəzərin Azərbaycan sektorunda D230 perspektiv blokunda 3D-seysmik tədqiqatlara başlayacaq.

Öncə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns qeyd edib ki, şirkət D230 blokunda neftin aşkar olunmasına ümid edir. O, bildirib ki, BP-nin D230 blokuna dair böyük gözləntiləri var. “Kəşfiyyat işlərinin uğurlu nəticələri halında burada “ikinci Azəri-Çıraq-Günəşli (AÇG) açıla bilər”, - o vurğulayıb.

SOCAR və BP arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında” saziş 2018-ci il aprelin 26-da imzalanıb. Saziş 2018-ci il oktyabrın 12-də parlamentdə ratifikasiya edilib, noyabrın 13-də isə qüvvəyə minib.

BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator kimi çıxış edəcək. İştirak payının digər 50 faizi isə SOCAR-a məxsusdur.

BP və və SOCAR 2019-cu ilin I yarısında Xəzərin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 perspektiv blokunda seysmik tədqiqatlara başlamağı planlaşdırır. 2019-2020-ci illərdə aparılması nəzərdə tutulan seysmik tədqiqatlar 6 ay davam edəcək. Məqsəd Şimali Abşeron hövzəsində perspektiv strukturlar üzrə geofiziki məlumatlar toplamaq və karbohidrogenlər olan geoloji strukturları aşkar etməkdir.

Seysmik tədqiqatın 100-800 metr arasındakı su dərinliklərində 3200 kvadrat kilometrlik ərazini əhatə edəcəyi gözlənilir. Seysmik kəşfiyyat işlərinin yekunları üzrə kəşfiyyat qazma işləri üçün məqsədlər müəyyənləşdiriləcək.

Saziş çərçivəsində işlər 3 mərhələyə bölünüb: ilkin kəşfiyyat, əsas kəşfiyyat, işlənilmə və hasilat. Sazişin qüvvəyə mindiyi andan 24 ayı əhatə edəcək birinci mərhələ çərçivəsində BP (podratçı) müqavilə sahəsində seysmik tədqiqatlar aparmalı, seysmik məlumatların işlənməsi və interpretasiyasını həyata keçirməlidir. Əgər şirkət bu dövr ərzində perspektivli strukturlar aşkar edərsə, o zaman 3 sahəyədək seçim etmək və ikinci mərhələyə keçmək hüququna malikdir.

İkinci mərhələnin reallaşdırılması müddəti 3 il təşkil edəcək. Bu dövr ərzində BP seçilən strukturlarda mehəndis-geoloji tədqiqatlar həyata keçirməli və bu işlərin ətraf mühitə təsirinə dair hesabat tərtib etməlidir.

Əgər podratçı bu dövrdə kommersiya baxımından qiymətli ehtiyatlar aşkar edə və SOCAR-ı (ARDNŞ) məlumatlandırarsa, 6 ay ərzində həmin yataqların işlənilməsi proqramını hazırlamalıdır. Bundan sonra işlənilmə mərhələsinə başlamalıdır. Lakin BP 48 ay ərzində blokdan sənaye hasilatına başlanılması məqsədilə bütün zəruri işləri həyata keçirməlidir.

Müqavilə ərazisinin sahəsi 3197 kvadratmetr təşkil edir. Burada indiyədək kəşfiyyat işləri aparılmayıb.

Məhsuldar layların dərinliyi 3000-3500 metrdir.

SOCARneft ehtiyatlarının aşkarlanması baxımından D230 blokunu perspektivli hesab edir.

Hazırda AÇG bloku Azərbaycanda ən iri neft yatağıdır. Yataqda illik neft hasilatının həcmi 29 mln. ton təşkil edir.