Siyasət

06 Fevral

“Şahdəniz” yatağında hasilat 46,1% artıb

“BP-Azerbaijan” şirkəti 2019-cu ildə “Şahdəniz” yatağından 16,8 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2018-ci ilin göstəricisindən 46,1% çoxdur. Bu barədə  şirkətdən məlumat verilib.

2019-cu ildə yataqdan 28,6 mln. barrel kondensat (təxminən 3,5 milyon ton) hasil olunub (artım 39,5%).

“Hazırda “Şahdəniz” yatağında mövcud hasilat sisteminin gücü ildə təxminən 20 mlrd. kubmetr və ya sutkada 56 mln. kubmetr qaz təşkil edir”, - deyə məlumatda bildirilir.

2019-cu ildə “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $1,644 mlrd. (2018-ci ilin göstəricisi ilə müqayisədə azalma 18,7% - İF-Az) təşkil edib. Bunun $544 mln.-u istismar, $1,1 mlrd.-i isə əsaslı xərclərin payına düşüb. Layihə üzrə əsaslı xərclərin böyük həcmi “Mərhələ-2”-nin reallaşdırılması istiqamətində işlərə yönəldilib.

Hesabat ilində Cənubi Qafqaz Boru Kəməri Magistralı (CQBKM və ya Bakı-Tbilisi-Ərzurum – İF) ilə sutkada orta hesabla 29 mln. kubmetr qaz nəql olunub (2018-ci ildə - gündəlik 23 milyon kubmetr).

Bu dövrdə boru kəməri magistralına xidmət göstərilməsi üzrə əsaslı xərclər $34 mln., istismar xərcləri $48 mln. təşkil edib.

2018-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton kondensat hasil edib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Alfa” və “Bravo” platformalarından həyata keçirilir.