Siyasət

06 Fevral

ABƏŞ 2019-cu ildə AÇG blokundan neft hasilatını 8,5% azaldıb

2019-cu ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 195 mln. barrel (26 mln. ton) neft hasil olunub. Bu barədə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) məlumat verilib.

Xəbər verildiyi kimi, 2018-ci ildə AÇG blokundan 213 mln. barrel neft hasil olunub. Beləliklə, ötən il sözügedən müqavilə sahəsindən neft hasilatı 8,5% azalıb.

2019-cu ildə şirkət AÇG blokunun işlənməsi layihəsi üzrə xərcləri 2018-ci illə müqayisədə 23,4% - $2,043 mlrd.-dək artırıb. “Bu məbləğdən $567 mln.-u əməliyyat xərclərinin, $1,476 mln.-u əsaslı xərclərin payına düşüb”, - mətbuat xidmətinin məlumatında bildirilir.

2019-cu ildə orta sutkalıq neft hasilatı 535 min barel (2018-ci ildə 584 min barrel) olub.

2019-cu ildə “Çıraq” platformasından sutkada 41 min barrel (2018-ci il ərzində 46 min barrel - İF-Az), “Mərkəzi Azəri” platformasından 134 min barel (sutkada 154 min barel), ”Qərbi Azəri” platformasından 121 min barel (sutkada 126 min barel), “Şərqi Azəri” platformasından 89 min barel (sutkada 97 min barel), “Dərinsulu Günəşli” platformasından 96 min barel (sutkada 105 min barel), “Qərbi Çıraq” platformasından 54 min barel (sutkada 57 min barel) neft hasil olunub.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.

Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 mln. tondan çox neft hasil olunacaq.

“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.