Siyasət

06 Fevral

SOCAR: "2020-ci ildə “Ümid” yatağından 960 milyon kubmetrdən çox qaz hasil ediləcək"

2020-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağından 960 milyon kubmetrdən çox qaz hasil ediləcək. Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

“2019-cu ildə “Ümid” yatağından 850 milyon kubmetrdən çox qaz və 140 min tona yaxın kondensat hasil edilib. 2020-ci ildə bu yataqdan 143 min ton kondensat və 960 milyon kubmetrdən çox qaz hasil etməyi planlaşdırırıq”, - deyə o bildirib.

Beləliklə, bu il “Ümid” yatağından qaz hasilatı 12,9%, kondensat hasilatı 2,1% artacaq.

“Ümid” yatağı 2012-ci ilin sentyabr ayında istismara verilib.

Hazırda “Ümid” yatağından hasilat 3 quyudan (№10, №14 və №16 - İF) həyata keçirilir. Sonuncu quyu 2019-cu ilin aprel ayında istismara verilib. Quyudan sutkada 3 milyon kubmetrə yaxın qaz və 500 ton kondensat hasil olunur.

Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişi 2017-ci il yanvarın 12-də SOCAR ilə “SOCAR Umid OilGaz Ltd.” şirkəti arasında imzalanıb və may ayında qüvvəyə minib.

“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 milyard kubmetr qaz və 30 milyon ton kondensat, “Babək” strukturunun ehtiyatları isə 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir.

Blokun uzunmüddətli işlənilmə proqramı “Umid” yatağından illik 4,2 milyard kubmetr qaz hasilatını nəzərdə tutur

(c)İnterfaks-Azərbaycan