Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi üzrə Albaniyadakı kompressor stansiyasının inşası yekunlaşıb.
Fins.az xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə Fierdəki (Albaniya) kompressor stansiyasının inşası tamamlanıb.
Qeyd edək ki, Kipoidəki (Yunanıstan) kompressor stansiyasının inşası da yekunlaşıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi tamamlanıb. İtaliyadakı təbii qazın qəbulu terminalının isə tikinti işlərinin 65 faizi başa çatıb.
TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 91 faizi yekunlaşıb. Hazırda boru kəməri tikinti mərhələsindədir. TAP-ın inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur.
Boru kəmərinin inşası çərçivəsində “Saipem” şirkətinin “Castoro 6” borudüzən gəmisi İtaliyanın San Foka bölgəsinə gedib. Uzunluğu 152 metr və eni 70,5 metr olan bu gəmi TAP-ın Adriatik dənizindəki 105 kilometrlik hissəsində, yəni İtaliyadan Albaniyayadək hissədə boruları inşa edəcək.
TAP-ın quru hissəsində, Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların hamısı torpağa basdırılıb. Ötən ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanılıb. Belə ki, Yunanıstandakı Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasında boru kəmərinin 2 kilometrlik hissəsinə təbii qaz qəbul edilib. Bu, boru kəmərinin istismara verilməsi prosesinin ilkin mərhələsidir. Həmin prosesin məqsədi boru kəməri infrastrukturunun tamamilə təhlükəsizliyini və işlər başa çatdıqdan sonra istismara hazır olmasını, eləcə də milli və beynəlxalq təhlükəsizlik, həmçinin istismar standartlarına uyğun olmasını təmin etməkdir. Təbii qazın boru kəməri sisteminə daxil edilməsi “Şahdəniz-2” qazının Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.
İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli şəkildə nəql edilməyə başlanacaq.
TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada boruların tikintisinə başlanılıb. Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunelin inşası aprelin sonunda turist fəaliyyətləri və sahilboyu ətraf mühitə heç bir təsir və ya müdaxilə olmadan tamamlanıb. Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin tamamlanması üzrə işlər davam edir. Həmçinin TAP-ın İtaliyadan keçəcək təxminən 8 kilometrlik hissəsində boruların 3 kilometri xəndəyə endirilib.
Yunanıstan, Albaniya və İtaliyada boruların 99 faizi marşrut xətti boyunca düzülüb. Üç ölkədə boruların 99 faizi qaynaqlanıb, xəndəkqazma işlərinin isə 99 faizi tamamlanıb. Yunanıstan, Albaniya və İtaliyada boru kəməri marşrutunun 99 faizində torpaq örtüyü bərpa edilib.
TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.
Boru kəmərinin inşası üzrə Albaniya sularında dəniz borularının tikintisi artıq başa çatıb. Boru kəmərinin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək və uzunluğu 105 kilometr olacaq. Adriatik dənizində boruların 37 kilometri Albaniya, 25 kilometri İtaliya, 43 kilometri isə beynəlxalq sularda döşənəcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək, 36 düymlük xəttin inşasında ümumilikdə 100 min ton ağırlığında təxminən 9 min boru istifadə olunacaq. “Saipem” dənizdəki tikinti işləri üçün təqribən 10 gəmidən istifadə edəcək.
Xatırladaq ki, layihə üzrə kapital xərclər 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.
Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).