Siyasət

05 Fevral

Energetika Nazirliyi: SOCAR, BP Özbəkistanda investisiya blokları üzrə PSA sazişi imzalaya bilər

SOCAR və Britaniyanın BP şirkətləri Özbəkistanda investisiya blokları üzrə pay bölgüsü haqqında saziş  imzalaya bilər . Bu barədə Özbəkistan Energetika Nazirliyi məlumat verir.

Çərşənbə axşamı nazir Alişer Sultanov Böyük Britaniyanın Özbəkistandakı səfiri Timoti Axil ilə görüş keçirərək bu ölkənin şirkətləri və təşkilatlarının iştirakı ilə neft-qaz sahəsində investisiya layihələrinin reallaşdırlmasının gedişatını müzakirə edib.

“Hazırda özbək mütəxəssislər BP və SOCAR ilə birgə Aralamor, Samsk-Kosbulaq və Bayterek investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması imkanlarını öyrənirlər. Fevralda həmin bloklar üzrə PSA sazişinin əsas şərtlərinin müzakirəsi məqsədilə SOCAR və BP-nin mütəxəssislərinin Özbəkistana səfəri planlaşdırılır”, - məlumatda deyilir.

Nazirlik xatırladır ki, 2018-ci ilin may ayında BP Exploration, SOCAR və “Uzbekneftqaz” arasında qarşılıqlı anlaşma memorandumu, 2019-cu ilin may ayında isə Üstyurd regionunda 3 investisiya blokunda kəşfiyyat potensialının qiymətləndirilməsi məqsədilə birgə tədqiqatlara dair saziş imzalanıb. “Ötən dövr ərzində Energetika Nazirliyi, BP, SOCAR və “Uzbekneftqaz”ın mütəxəssislərinin iştirakı ilə bir sıra işgüzar görüşlər keçirilib və bir sıra mərhələli razılıqlar əldə olunub”, - məlumatda qeyd edilir.