Siyasət

04 Fevral

İlham Əliyev:"Azərbaycanda yeni emal müəssisələrinin yaradılmasını zəruri hesab edir"

Azərbaycan prezidenti İlham Əliyev ölkədə pambıq emalından başlayaraq hazır trikotaj məhsullarının istehsalına qədər yüngül sənaye sahəsinin inkişafını zəruri hesab edir.

“Bizdə pambıqçılıqda 46% artım var. İxrac keçən il 158 milyon dollar olubdur. Ancaq biz pambığın 50%-ni ölkəmizdə emal edə bilirik. Ona görə nə lazımdır, yeni iplik fabrikləri, ondan sonra tekstil fabrikləri, daha sonra hazır məhsul fabrikləri. Bu zəncir bir-birinə bağlıdır, ona görə sahibkarlar bu sahəyə diqqət yetirsinlər və dövlət orqanları sahibkarları bu istiqamətlərə yönəltsinlər”, - Əliyev bazaar ertəsi Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.

Prezidentin sözlərinə görə, beləliklə, yüngül sənayenin inkişafı təmin ediləcək, iş yerləri yaradılacaq, hazır məhsul istehsal edəcəyik, hazır məhsulu idxal etməyəcəyik.

Dövlət başçısı həmçinin Azərbaycanda “emal sənayesi tərəvəzçilikdə çox aşağı” olduğunu qeyd edib. “Biz tərəvəzi yığırıq, özümüz istehlak və ixrac edirik. Yaxşıdır, amma emal olunmalıdır. Misal üçün, bizdə keçən il tərəvəzçilikdə ixrac 243 milyon dollar olubdur. Bunun 190 milyon dolları pomidor ixracı idi və pomidor ixracı 7% artıb. Ancaq əgər kifayət qədər tomat pastası zavodu olsa, daha da böyük qiymətə satıla bilər. Özü də bütün bazarlarda tələb olunan məhsuldur. Sahibkarlar buna diqqət yetirməlidirlər”, - prezident vurğulayıb.

İ.Əliyevin sözlərinə görə, Azərbaycanın özünütəminetmə (ərzaqla - İF) əmsalında boşluqlar var, yerli sahibkarlar bu boşluqları doldurmalıdırlar, “ancaq mən bir qədər passivlik görürəm”.

“Dövlət orqanları gərək sahibkarları tərpətsinlər, özləri də təşəbbüs göstərsinlər. İndi biz şərab ixracını artırmışıq, nəyin hesabına? Dövlətin səyləri hesabına. Çünki dövlət xətti ilə, dövlətin hesabına beynəlxalq sərgilərdə iştirak təmin olunub, orada kontraktlar bağlanıb. Axı, sahibkar özü bunu etmir. 240 milyon dollarlıq meyvə ixrac olunub, artım 11%. Amma bu meyvənin içində fındıq da var. 125 milyon dollarlıq fındıq ixrac olunub, artım 33%. Nəyin hesabına? Yenə də dövlətin hesabına. Mən o vaxt göstəriş verdim ki, fındıq bağları salınsın. Bizim 30 min hektar sahədə fındıq bağımız var idi. İndi biz bunu 80 min hektara çatdırmışıq. Kim edib? Dövlət edib. Bəs, sahibkar özü niyə gedib əkmir? Yaxşı, baramanı da dövlət edib, pambığı da dövlət edib, nə vaxta qədər?”, - Əliyev deyib.