Azərbaycan və Ukrayna illik ticarət dövriyyəsini $2 milyarda çatdırmağı planlaşdırır. Bunu Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli deyib.
Cümə günü Kiyevdə Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclasında energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm və infrastruktur sahəsində mövcud vəziyyət və perspektivlər müzakirə olunub.
“İki ölkə arasında ticarət dövriyyəsinin həcmini 2 milyard ABŞ dollarına çatdırmaqla bağlı hədəf var. Bu məqsədlə intensiv əlaqələrin, hər iki ölkə şirkətlərinin potensial layihələr üzrə səmərəli əməkdaşlığının davam etdirilməsi vacibdir”, - Azərbaycan Energetika Nazirliyi Kriklinin sözlərindən sitat gətirir.
Məlumata görə, 2019-cu ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon ABŞ dolları təşkil edib. Ötən il Ukrayna ölkəmizin xarici ticarət dövriyyəsində 9-cu, idxalda 7-ci, ixracda 16-cı yeri tutub.
“İqtisadi əməkdaşlıq hər iki ölkədə ticarət evlərinin fəaliyyəti, perspektivli sahələrdə və sənaye parklarında yeni investisiya layihələri, ixracyönümlü birgə müəssisələrin yaradılması ilə daha da inkişaf edə bilər”, - məlumatda qeyd olunur.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxışında bildirib ki, ötən il Azərbaycandan Ukraynaya ixracın əsas hissəsini xam neft təşkil edib. “SOCAR Energy Ukraine” şirkəti tərəfindən bugünə kimi 304 milyon ABŞ dollarından çox investisiya yatırılıb. Şirkətin bu ölkədə 60-dan çox YDM-si və 4 neft bazası fəaliyyət göstərir”, - nazir bəyan edib.
Onun fikrincə, SOCAR-ın Ukraynadakı fəaliyyətini genişləndirməsi, neft-qaz sahəsi ilə yanaşı, bərpa olunan enerji və enerji səmərəliliyi, eləcə də qeyri-neft sektoru üzrə əməkdaşlıq təklifləri iqtisadi əlaqələrimizin yeni potensial istiqamətləri kimi çıxış edir.
“Bu səfər çərçivəsində işgüzar dairələrin nümayəndələrindən ibarət heyətlə Odessa və Kiyevdə infrastruktur layihələri ilə tanış olduq və təklifləri dinlədik. Düşünürəm ki, bu müzakirələrin nəticələri olaraq biz irəlidə bir çox sahələrdə birgə sərmayə layihələri həyata keçirə və əməkdaşlığımızı daha da möhkəmləndirə biləcəyik. Bunun üçün siyasi iradə, niyyət və geniş imkanlar mövcuddur. Bütün sahələrdə əməkdaşlığa açığıq və hesab edirəm ki, komissiyanın iclası bu məsələlərin həllinə töhfə verəcək”, - Şahbazov deyib.
Komissiyanın iclasının yekunlarına dair protokol və 5 sənəd imzalanıb.
Xüsusilə, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Ukraynanın Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələrinin əməkdaşlarının ailə üzvlərinin ödənişli fəaliyyət növlərini həyata keçimələri haqqında Saziş”, ”Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Lvov vilayəti dövlət administrasiyası (Ukrayna) arasında əməkdaşlıq haqqında Saziş, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Ukraynanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”, "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə Ukrayna Şərab İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.