Siyasət

31 Yanvar

Şahbazov: Azərbaycan 2017-2019-cu illərdə Ukraynaya 2 milyon tona yaxın neft tədarük edib

Azərbaycan 2017-2019-cu illərdə Ukraynaya 1,9 milyon tondan çox neft tədarük edib. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.

“Azərbaycan son 3 ildə Ukraynaya 1,9 milyon tondan çox neft tədarük edib. Bundan başqa, “SOCAR Trading SA” qeyd olunan dövrdə Ukrayna istiqamətində digər mənbələrdən neft və neft məhsulları tədarük edib. "SOCAR Energy Ukraine" (SOCAR-ın törəmə şirkəti - İF) fəaliyyət göstərdiyi dövr ərzində Ukrayna iqtisadiyyatına 300 milyon dollardan çox sərmayə yatırıb", - deyə P.Şahbazov dünən Kiyevdə keçirilən enerji sahəsində əməkdaşlığa dair Azərbaycan-Ukrayna İşçi Qrupunun iclasında bildirib.

Nazir qeyd edib ki, iki ölkə arasında siyasi münasibətlərin mövcud səviyyəsi iqtisadi əməkdaşlığın uğurla inkişafına zəmin yaradır.

"Ukrayna Azərbaycan iqtisadiyyatına 25,4 milyon dollar, Azərbaycan isə Ukrayna iqtisadiyyatına 1,1 milyard dollar sərmayə qoyub”, - deyə o əlavə edib.

P.Şahbazov, həmçinin vurğulayıb ki, Azərbaycan Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Qorunması Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması enerji sahəsində əlaqələrin gələcək inkişafına müsbət təsir göstərəcək.

Öz növbəsində, Ukraynanın energetika və ətraf mühitin qorunması naziri Aleksey Orjel bildiribki, Ukrayna Azərbaycan şirkətləri tərəfindən enerji sektoruna investisiya qoyuluşunda maraqlıdır. O əlavə edib ki, tərəflər Azərbaycandan neft və qaz məhsullarının Ukrayna vasitəsilə Avropa bazarlarına ixracı sahəsində əməkdaşlıq qura bilərlər.

Görüşün yekunları üzrə protokol imzalanıb və işçi qrupunun növbəti iclasının 2021-ci ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib.*