Siyasət

30 Yanvar

OPEC+ çərçivəsində nazirlərin görüşü tezləşdirilə bilər

OPEC+ neft bazarının sabitləşdirilməsi üçün hasilatın azaldılması üzrə razılaşmasının iştirakçı ölkələri bu ilin fevral ayında görüşə bilərlər. Bundan öncə görüş mart ayına planlaşdırılırdı.

 Rusiya mətbuatında yayımlanan məlumata görə, bu barədə Əlcəzairin (bu il OPEC-ə sədrlik edir – red.) Energetika naziri Məhəmməd Arkaba bildirib.

Onun sözlərinə görə, Çindən koronavirusun yayılması təhlükəsi səbəbindən nazirlərə ən qısa müddətdə neft bazarının sabitləşdirilməsi tədbirlərini (hasilatın səviyyəsini – red.) müzakirə etmək lazım gələ bilər.

 

Məlumata görə, bu, bəzi aviaşirkətlərin koronavirus səbəbindən Çinə uçuşlarının dayandırılması ilə əlaqələndirilir və bu da neft bazarında təklifin artıq olmasına səbəb ola bilər.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.

Xatırladaq ki, dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni Razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

(C)APA