Siyasət

30 Yanvar

Ukrayna Avro-Asiya neft nəqli dəhlizində maraqlıdır

Ukrayna, Xəzər regionundan Avropa İttifaqı bazarlarına neft tədarükünün təşkili məqsədilə Avro-Asiya neft nəqli dəhlizi layihəsinin tezliklə həyata keçirilməsində maraqlıdır. Bu sözləri Ukraynanın infrastruktur naziri Vladislav Krikliy deyib.

"Neft və qazın nəql həcminin artırılmasına yönəlmiş infrastruktur və tranzit yollarının inkişafı regionun enerji və nəqliyyat sahəsində qlobal enerji bazarının ayrılmaz hissəsi və Avropa ilə Asiya arasındakı bağlayıcı halqa kimi strateji əhəmiyyətini təsdiqləyir", - deyə V.Krikliy bu gün Kiyevdə keçirilən Ukrayna-Azərbaycan dəyirmi masasında bildirib.

O, Azərbaycanın podratçı şirkətlərini yeni infrastruktur layihələrinin reallaşdırılması üzrə tenderlərdə iştirak etməyə dəvət edib.

Nazir vurğulayıb ki, hazırda ölkələr arasında daşımalar üçün əlverişli şəraitin yaradılması və Avropa-Qafqaz-Asiya əlaqələrinin inkişafı aktual məsələlərdir. "Bunlar ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafı üçün vacib elementlərdir", - deyə V.Krikliy qeyd edib.

O əlavə edib ki, Ukrayna beynəlxalq nəqliyyat mərkəzinə çevrilməlidir və Azərbaycan bu məqsədə çatmaq üçün vacib tərəfdaşdır.