Siyasət

24 Yanvar

SOCAR-a 195 mml-na qədər dividend ödənilə bilər -SƏBƏB

2020-ci ildə “Şahdəniz” yatağının işlənməsi və Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə qaz ixracından SOCAR-a neftin qiymətindən asılı olaraq $75,69 milyondan $195,22 milyona qədər dividend ödənilə bilər.

Fins.az xəbər verir ki, “Neftin bir barelinin qiyməti $40 olarsa, SOCAR-a “Şahdəniz” payı üzrə $28,39 milyon, neftin bir barelinin qiyməti $50 olarsa, $88,18 milyon, $60 olarsa, $147,92 milyon məbləğində dividend ödəniləcək. SOCAR-a CQBK payı üzrə ödəniləcək dividendlər neftin qiymətindən asılı olmayaraq $47,3 milyon təşkil edəcək”, - deyə Hesablama Palatası məlumat yayımlayıb

Neftin bir barelinin qiyməti $40 olarsa, “Şahdəniz” və CQBK üzrə SOCAR-a ödəniləcək dividendlər $75,69 milyon, $50 olarsa, $135,48 milyon, $60 olarsa, $195,22 milyon təşkil edəcək.

“SOCAR bu vəsaitin 55%-ni Dövlət Neft Fonduna (ARDNF) köçürəcək. Bu ödənişlər Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu və SOCAR arasında imzalanmış SOCAR-ın “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri və Cənub Qaz Dəhlizi layihələri üzrə mənsub olduğu paylara düşən gəlirlərin idarə olunmasına dair Razılaşma Protokolunda nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunur.

Beləliklə, neftin qiyməti $40 olarsa, SOCAR ARDNF-ə $41,63 milyon, $50 olarsa, $74,51 milyon, $60 olarsa, $107,37 milyon ödəyəcək.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.