Siyasət

24 Yanvar

SOCAR 2020-ci ildə Neft Fonduna 90,9 milyon dollar ödəyəcək-SƏBƏB

SOCAR Azərbaycan Qaz Təchizatı Şirkətinə (AQTŞ) yaranmış borcu ilə əlaqədar bu il Dövlət Neft Fonduna (ARDNF) 90,9 milyon dollar ödəyəcək.

Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Rəyində deyilir.

Bildirilir ki, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti arasında imzalanmış SOCAR-ın “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri və Cənub Qaz Dəhlizi layihələri üzrə mənsub olduğu paylara düşən gəlirlərin idarə olunmasına dair Razılaşma Protokolunun icrasına uyğun olaraq növbəti illər ərzində 2007-2008-ci illərdə xam neftin satışından yaranan qiymət fərqi üzrə və SOCAR tərəfindən Azərbaycan Qaz Təchizatı Şirkətinə (AQTŞ) yaranmış borcu ilə əlaqədar Neft Fonduna ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur ki, 2020-ci ildə bu istiqamətdə Dövlət Neft Fonduna ödənişlərin ümumi həcmi (xam neftin 55 ABŞ dolları ilə) 90,94 milyon ABŞ dolları təşkil edəcək.